Qarabağın dirçəlişində iştirak edən ikinci ən böyük şirkət…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfərə gedib. Ekspertlər səfərin təsadüfi xarakter daşımadığını və mühüm görüşlərlə xarakterizə olunacağını vurğulayırlar.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, İtaliya Azərbaycanın xarici siyasi kursunda önəmli yerə sahib dövlətlərdəndir:

“Hər iki ölkəni möhkəm dostluq və strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 44 günlük Vətən müharibəsi dövründə və sonrasında İtaliya nümayiş etdirdiyi ədalətli mövqeyi ilə ikitərəfli əlaqələrə necə önəm verdiyini bir daha sübut etdi. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Qarabağın dirçəlişində iştirak edən ikinci ən böyük şirkətlərin İtaliyaya məxsus olması diqqətdən yayınmamalıdır.

Aytən Qurbanova

Nəticə etibarilə cənab Prezidentin İtaliyaya gözlənilən səfəri yüksək strateji önəm daşıyır. Həmçinin səfər çərçivəsində qlobal və regional münasibətlər sistemində baş verən hadisələrlə yanaşı, dövlət başçımızın 2020-ci ilin əvvəlində İtaliyaya səfəri zamanı imzalanmış Birgə Bəyannamənin icrası prosesinə dair yol xəritəsinin, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi perspektivlərinin və növbəti addımların müəyyən edilməsinin də gündəliyə daxil edilməsi ehtimalı istisna edilmir.

Ümumiyyətlə, cənab Prezidentin İtaliya Prezidenti Sercio Mattarella və Nazirlər Şurasının sədri Corcia Meloni ilə geniş tərkibdə görüşləri gözlənilir”.

Əli Zülfüqaroğlu

Siyasi şərhçi Əli Zülfüqaroğlu isə deyib ki, dövlət başçısının İtaliya səfəri xüsusi önəm daşıyır:

“İki ölkə arasındakı münasibətlərin inkişafı Azərbaycanla yanaşı İtaliya üçün də əhəmiyyətlidir. İtaliyanın G8 və NATO üzvü olması bu ölkənin dünyada hansı çəkiyə malik olduğunun göstəricisidir. İtaliya Avropa İttifaqında nüfuzlu dövlətdir və iqtisadi inkişafına görə ittifaqda ön sıralarda dayanır. Qərb ölkələri arasında Azərbaycanla ən yaxın münasibəti olan ölkələrdən biridir və İtaliya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi strateji əhəmiyyət daşıyır. İki ölkə arasında əlaqələrin inkişafı, bu səviyyəyə çatmasında Prezident İlham Əliyevin xüsusi rolu var”.

Ə.Zülfüqaroğlu vurğulayıb ki, İtaliya-Azərbaycan əməkdaşlığı yeni mərhələyə qədəm qoyub və dövlət başçısının səfəri bu əməkdaşlığın inkişafına təkan verəcək:

“İtaliyanın Azərbaycanda enerji maraqları var və bu sahədə əməkdaşlıq perspektivləri yüksək dəyərləndirilir. Eyni zamanda Azərbaycan İtaliya ilə  “yaşıl enerji” və digər yeni iqtisadi sahələrlə bağlı əməkdaşlıq imkanlarını genişləndirməyə çalışır.

Azərbaycan coğrafi baxımdan da İtaliya üçün strateji əhəmiyyət daşıyan ölkədir. Ölkəmiz Avropanı Mərkəzi Asiya ilə birləşdiririr. Onu da unutmamalıyıq ki, İtaliya ilə Azərbaycan arasında ticarət əlaqələri yüksək səviyyədədir və dövriyyə getdikcə artacaq.

Bütün bu faktorlara nəzər salsaq, dövlət başçısının İtaliya səfərinin xüsusi əhəmiyyətə malik olduğunu görə bilərik”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Turan Rzayev
Globalinfo.az