Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadə verib, sonra sənədlərin tədqiqinə başlanılıb, iş üzrə sənədlər elan olunub.
Daha sonra cinayət işi üzrə istintaqın başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi noyabrın 7-də davam etdiriləcək.
X X X
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəməsində zərərçəkmişlərin ifadəsi bitib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə prosesində sənədlərin tədqiqinə başlanılıb.
***10:54
Prosesdə iş üzrə sonuncu şahid- ehtiyatda olan polkovnik Azay Kərimov ifadə verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, şahidin sözlərinə görə o, SSRİ qoşunlarından Qarabağa xidmətə göndərilib. O, V.Xaçatryanı tanıdığını, onun Sarkisyan, Koçaryan, Balasanyan və digərləri ilə birləşib insanları milli münaqişələrə cəlb etdiyini deyib:
“Mən baş leytenant rütbəsində SSRİ qoşunlarından gəlmişdim. Şuşa post patrulunun qərərgah rəisi olmuşam. O vaxt milli münaqişələr törədən insanlar var idi. Balasanyan, Sarkisyan, Xaçatryan erməni camaatını mitinqlərə cəlb edirdilər. Samvel Babayan var idi. O da bir nömrəli fiqur idi. İnsanları öldürürdülər. Koçaryanın iki komandası var idi. Onlar kəndə daxil olub, mitinqlərə qoşulmayan azərbaycanlıları güllələyirdiıər. İkinci komanda da səngərdən qaçan camaatı güllələyirdi. Səngərdən qaçanlara zülm edirdilər. Buna biz Vaqif deyirik, Qarabağ erməniləri ona Vaqi deyirdilər. O vaxt milli münaqişələrə cəlb edənlərdən Vaqif də var idi. Biz onu tutub gətirdik Şuşa türməsinə. Bir neçə ay sonra oradan çıxıb getdi, Meşəli hadisələrini törətdi.
Ramil Usubov o vaxt cinayət axtarış şöbəsinin rəisi idi. Dağlıq Qarabağda yaşayan ermənilərin 95 faizi Usubova işləyirdi. Biz əməliyyat tapşırığı alıb gedirdik. Biz birbaşa ünvana gedirdik”.
Şahidin dediyinə görə, V.Xaçatryan türmədə intihara cəhd edib: “Dedilər damarını dişi ilə kəsib. Onu gətdirdik Şuşa xəstəxanasına. Gecə gördüm ki, dişi ilə tikişi sökməyə çalışır. Bu o vaxt özü özünə hökm oxumaq istəyirdi”.
***10:19
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçirilir.
Globalinfo.az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Məhkəmə prosesində şahidlər ifadə verirlər.
***08:50
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.
Globalinfo.az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Qeyd edək ki, V.Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs V.Xaçaturyana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
Xatırladaq ki, V.Xaçaturyanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Hazırda V.Xaçaturyanın hüquqlarını vəkil Radmila Abılova qoruyur.














