ABŞ-ın Zəngəzurda hərbi mövcudluğunu artırması xəbərlərinin intensivləşdiyi bir məqamda Rusiyanın da aktivləşdiyi diqqət çəkir. Bu prosesdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlaması Moskvanın siyasətini ortaya qoyur.
Sitat:
“Müvafiq razılaşma tərəflərin qarşılıqlı razılığı əsasında və qarşılıqlı məqbul şərtlərlə elə bir şəkildə əldə olunacaq və həyata keçiriləcək ki, bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də regiondakı qonşu dövlətlərin, müvafiq olaraq Rusiya, İran və Türkiyənin maraqlarına cavab versin”.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ ciddi geopolitik rəqabət faktoruna çevrilib:
“Məhz buna görə də rəsmi Bakı sözügedən məsələni (Zəngəzur dəhlizinin açılmasını – red.) sülh danışıqları predmetindən çıxarıb, ayrıca müzakirəsini təklif etdi. Bu, çox doğru addım idi. Çünki bununla bağlı ölkəmizə qarşı qarayaxma kampaniyası aparılırdı. Ukrayna müharibəsinin başlaması ilə Rusiyanın bölgədə proseslərə təsir imkanları xeyli azaldı. Bundan istifadə edən ABŞ və Qərb bölgəyə yerləşməyə çalışdı. Bunun üçün Ermənistandan istifadə etdilər. Rəsmi İrəvanın Qərblə münasibətləri, verilən ciddi hərbi, maliyyə dəstəyi Ermənistanı Rusiyadan uzaqlaşdırmaq məqsədi daşımaqla bərabər, bölgədə gərginliyi artırmaq və bunun fonunda ABŞ-la Qərbi bölgəyə yerləşdirmək məqsədi daşıyır”.
Politoloq son günlər Rusiyanın mövcud proseslərdə aktivlik nümayiş etdirməsinin başadüşülən olduğunu qeyd edib:
“Rusiya rəsmiləri dəfələrlə ölkə mövqeyini səsləndiriblər. Belə ki, rəsmi Moskva Cənubi Qafqazdan getmək niyyətində deyil və bölgədəki proseslərdə aktiv rol almaq iddiasındadır. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması, delimitasiya və demarkasiyada, kommunikasiyaların açılmasında Kremlin iştirak etmək niyyətini göstərir. Putinin ölkəmizə səfərindən sonra Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparması həmin siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir”.
O.Qasımov Mariya Zaxarovanın sözügedən açıqlamasına belə münasibət bildirib:
“Səsləndirilən fikirlərdən aydın olur ki, Rusiya bölgədə kommunikasiyaların açılmasında maraqlıdır. Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında vasitəçi qismində çıxış etmək istəyir. Prosesin 2020-22-ci illərdə imzalanmış sənədlərə əsaslanmasında maraqlıdır”.
Safura Bənnayeva
Globalinfo.az













