Putin və Kimin görüşü kimlərə mesajdır? – Pərdəarxası detallar

Vladimir Putinin Kim Çen İn ilə görüşündən sonra Rusiya və KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalandı. Qarşılıqlı hədiyyələrin edildiyi, sazişlərin bağlandığı bu görüş bir çox ölkələri narahat etməyə başlayıb. Görüşün nəticələri maraqla gözlənilir.

Vladimir Putin iyunun 19-da Şimali Koreyadan Vyetnama yola düşüb. Sözügedən görüş ilə bağlı siyasi seqmenti düşündürən bəzi məqamlar var: bağlı qapılar arxasında hansısa sensasion razılaşmalar olubmu? Yeni geopolitik konfiqurasiya yaranacaqmı? Rusiya ətrafında müttəfiqlik zolağı təşkil ediləcəkmi?

Politoloq Elçin Mirzəbəyli mövzu ilə bağlı Globalinfo.az-a açıqlamasında suallarımızı cavablandırıb.

O, əvvəlcə sazişin məğzini izah edib:

“Bu saziş ölkələrə hücum baş verdiyi halda qarşılıqlı yardımı nəzərdə tutur. Mahiyyət etibarilə Qərbin 2003-cü ildən başlayaraq yürütdüyü siyasətin qarşılığı nəyi tələb edirsə, o da baş verir.

Rusiya prezidentinin Vyetnama səfəri isə sayca beşincidir və səfər çərçivəsində hər iki ölkənin qarşılıqlı maraqlarına və əlaqələrinin inkişafına xidmət edəcək sənədlərin imzalanması gözləniləndir. Bu səfərlərə Rusiyanın SSRİ dövründə formalaşan geosiyasi konfiqurasiyanın bərpası istiqamətində səylərinin tərkib hissəsi kimi yanaşmaq lazımdır”.

Politoloqun sözlərinə görə, Rusiya Qərblə münasibətlərdə müəyyən zaman kəsiyində nəzərəçarpan, perspektiv vəd etməyən istiqamətdən tamamilə üz çevirərək ənənəvi düşərgənin müasir çağırışlar nəzərə alınmaqla bərpası istiqamətində addımlar atır:

“Şübhəsiz ki, bu istiqamət SSRİ dövründə olduğu kimi ideoloji faktorlar üzərindən qurulacaq tərəfdaşlıq və ya müttəfiqlik deyil. Təməli və ənənələri olan tərəfdaşlıqdır. Bunun nə dərəcədə effektiv olacağını isə zaman göstərəcək. Lakin ümumən bu səfərin nəticələrinin Qərbin revanşçı iddialarını qismən də olsa yumşaldacağı gözləniləndir”.

Safura Bənnayeva
Globalinfo.az