Putin elan etdi: yeni müharibəyə hazırlıq – Sərhədə nüvə başlıqları yığılır

Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə Finlandiya və ABŞ-ı hədələyib. Belə ki, o, sovet dövründə mövcud olan Leninqrad Hərbi Dairəsini yenidən yaradacağını bildirib. Buna əsas kimi isə ABŞ-ın Finlandiyada mövcud olmasını göstərib. Putin həmçinin Finlandiya ilə sərhədə əlavə hərbi qüvvələrin cəlb ediləcəyini və regiona nüvə başlıqlı ballistik raketləri yerləşdirəcəyini açıqlayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Putinin Finlandiyanı NATO-ya üzv olduğu üçün hədələməsi gecikmiş qatardan verilən siqnala bənzəyir:

“Çünki Rusiyanın Ukraynadakı müharibədə əldə etdiyi hərbi-taktiki və bəzi geosiyasi üstünlüklərinə baxmayaraq, Finlandiya NATO-ya üzv oldu. Bu, Rusiyanın NATO-nun genişlənməsinə qarşı mübarizəsinin o qədər də effektiv olmadığını göstərən bir nüansdır.

Finlandiyanın hədələnməsi sadəcə olaraq NATO-nun Rusiya əleyhinə yarada biləcəyi əlavə təhdidlərə rutin reaksiyadır. Leninqrad Hərbi Dairəsinin yaradılması, Rusiyanın şimal-şərqinə hərbi hissələr cəmləmək planlarına gəlincə, bu, hipotetik potensial genişmiqyaslı müharibəyə hazırlıq məqsədinin elanıdır.

Rusiya üçün hər hansı NATO ölkəsinə hücum sərfəli variant deyil. Lakin Alyansın genişlənmə siyasətinin oxları Moskvanın strateji maraqlarına sancıla bilər ki, bu da Kreml üçün qəbuledilməzdir.

Aqşin Kərimov

Sadəcə olaraq Putinin Finlandiya üzərindən NATO-nu hədələməsi Kremlin təlqin etdiyi strateji cavabdehlik kodeksi kimi başa düşülməlidir. Putin əslində demək istəyir ki;

– Rusiya Ukraynadakı müharibə fonunda NATO ilə sərhədi boyunca ordu mövqelərini yaxşılaşdırıb, Alyansa qarşı balanslaşdırmaq məqsədlərini elan edir:

– Geniş mənada Arktik regionunda Rusiyanın təmsilçilik hüququnun məhdudlaşdırılması yolverilməzdir”.

Turan Rzayev
Globalinfo.az