Üç postsovet ölkəsi üçün riskli proses – “Onları aldadırlar”

Avropa İttifaqı (Aİ) Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verib. Beləliklə, rəsmi Tbilisi 17 illik avroatlantik inteqrasiya siyasətində ilk ciddi addımı atmış oldu. Aİ ölkələri həmçinin Ukrayna və Moldovanın birliyə qəbulu ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər.

Maraqlıdır, Avropanın mərkəzindəki Bosniya və Hersoqovinanı Aİ-yə qəbul etməyən Qərb Moldova, Ukrayna və Gürcüstan kimi münaqişəli ölkələri qəbul edəcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Aİ-nin Gürcüstan, Moldova və Ukraynanı birliyə qəbul etməməsinin ən önəmli səbəbi bu ölkələrin münaqişədə olmasıdır:

“Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Moldovada Dnesteryanı, Ukraynada Donbas, Luqansk, Krım münaqişəsi qaldığı təqdirdə bu ölkələrin Aİ-yə üzv olması mümkün deyil.

Ümumiyyətlə, Avropa İttifaqında adıçəkilən ölkələrin üzv kimi qəbulu birmənalı qarşılanmır. Misal üçün, Ukraynanın namizəd statusuna Avstriya və Macarıstan qarşı çıxmışdı. Bu belə prosesin uzanacağından xəbər verir.

Bir çox Aİ ölkəsi ittifaqa güclü iqtisadiyyatı, ordusu, siyasi sistemi olan ölkələrin qəbulunu istəyir. Ukrayna, Moldova, Gürcüstan isə həm siyasi, həm də iqtisadi baxımdan çox zəifdir. Bu ölkələr ittifaq üçün əlavə xərcdən başqa bir şey deyil.

Elxan Şahinoğlu

Nəticə etibarilə hər üç ölkəni Bosniyanın taleyi gözləyir. Yəni uzun illər onlar namizəd kimi gözləyəcəklər. Mövcud şərtlər daxilində onların üzv olması mümkün deyil”.

Turan Rzayev
Globalinfo.az