Rusiya Hərbi Hava Qüvvələrinə yeni komandan general Sergey Kobılaş təyin edilib.
Globalinfo.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Rusiya KİV-i bildirib ki, bununla da Kobılaş Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qüvvələri və Kosmik Qüvvələri öz tərkibində birləşdirən Rusiya Hərbi Kosmik Qüvvələrinin rəhbərinin müavini vəzifəsini tutmuş olub.
Qeyd edək ki, Kobılaş kifayət qədər məşhur simadır. O bu il Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən beynəlxalq axtarışa verilib. Buna səbəb onun Ukraynadakı fəaliyyəti olub.
Sergey Kobılaş
Lakin onu Azərbaycan ictimaiyyətinə tanıdan Qafqazdakı fəaliyyəti olub. Belə ki, Kobılaş I və II çeçen müharibələrində aktiv iştirakçı olub. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı isə o, 368-ci aviasiya alayın rəhbəri olub və polkovnik rütbəsi daşıyıb. Kobılaş Gürcüstan şəhərlərinin bombardmanında aktiv iştirak edib. Onun idarə etdiyi Su-25 təyyarəsi Gürcüstan tərəfindən müharibənin gedişində vurulub. Kobılaş isə katapult edərək qəzadan xilas olub. Lakin onun sonrakı taleyi ilə bağlı iki ssenari mövcuddur. Bunlardan birincisi Kobılaş və Kremlin anlatdığıdır. Buna görə Kobılaş bir gürcü nənənin köməyi ilə xilas olaraq Rusiya tərəfə keçib. İkinci ssenari isə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin dedikləridir. Saakaşvili Kobılaşı əsir götürdüklərini və daha sonra onu digər əsirlərlə mübadilə etdiklərini söyləyib.
Əliyar Xəlil
Globalinfo.az














