Prezidentin Qərbi Azərbaycan bəyanatı Qərb agenturasını hərəkətə gətirdi: Bakı İrəvana ərazi iddiası edir?

Prezidentin Qərbi Azərbaycan bəyanatı Qərb agenturasını hərəkətə gətirdi: Bakı İrəvana ərazi iddiası edir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan ilə bağlı verdiyi bəyanat Qərb agenturasını hərəkətə gətirib. Osmanqızı TV başda olmaqla, ABŞ və Avropada məskunlaşan, yaxud oralara bağlı olan bəzi azərbaycanlı “bloger” və jurnalistlər hakimiyyəti tənqid etməyə başlayıblar.

Açıq şəkildə Ermənistanı müdafiə edən bu şəxslərin əsas arqumenti budur ki, bu bəyanat başqa bir suveren ölkəyə ərazi iddiası etməkdir. Digər tərəfdən, işğaldan azad edilən torpaqlara qayıdışın hələ bitmədiyini irəli sürən bu şəxslər Qərbi Azərbaycana qayıtmağı imkansız hesab edirlər.

Maraqlıdır ki, Prezident İlham Əliyev “Biz Qarabağa qayıdacağıq”, “Şuşanı azad edəcəyik” bəyanatları verəndə də bu dəstə eyni ritorika ilə çıxış etmiş, bənzər iddiaları səsləndirmişdi.

Prezidentin Qərbi Azərbaycana qayıdışla bağlı bəyanatı Azərbaycanın tarixi torpaqlarının qaytarılması, ədaləti bərpa etməsidir, yoxsa Ermənistana ərazi iddiasıdır?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi ekspert Aqşin Kərimov deyib ki, Azərbaycanın Hərbi Doktrinası və Milli Təhlükəsizlik Konsepsiyası beynəlxalq hüquq və normalar kontekstində hazırlanıb və bu sənədlərdə sərhədlərin təhlükəsizliyi üçün postulatlar mövcuddur:

“Sərhəd təhlükəsizliyi bütün dövlətlərin qırmızı xətlərindən biridir. Analogiya aparsaq, məsələnin strateji formatının dərinliyi anlaşılar.

1962-ci ilin payızında ABŞ SSRİ-nin Kubaya raketlər yerləşdirdiyini öyrəndikdən sonra Vaşinqtonla Moskva dünya müharibəsinə səbəb ola biləcək nöqtəyə yaxınlaşdı.

Düzdür, Con Kennedi və Nikita Xruşşov son anda razılığa gəldi və qarşılıqlı anlaşma əsasında tərəflər bir-birinin narahatlığını nəzərə aldı.

Sual olunur: Kuba hara, ABŞ hara? ABŞ bilirdi ki, Kubadan öz ərazisinə qarşı SSRİ istifadə edəcək, ona görə də əks-həmlə tədbirləri gördü və haqqı da çatırdı ki, Kubanın ərazilərini bombardman etsin. Belə hərbi əməliyyatlar olsa idi, bu, suveren ərazilərə müdaxilə kimi deyil, müdafiə siyasətinə əsaslanan tezislərlə dəyərləndiriləcəkdi.

İkinci: ABŞ sərhədləri olmayan, ondan min kilometrlərlə uzaqda yerləşən Vyetnama ordu yeritmişdi, hərçənd ki, bunu ərazi iddiası ilə əsaslandırmırdı. Çünki ABŞ-ın Vyetnamda maraqları var idi və Şimaldakı kommunist hərəkatının Cənuba təhdid yaratdığını, bununla da qlobal maraqlarına zərbə vurulacağını düşünürdü. Ona görə də Vyetnama müdaxilə gerçəkləşdi.

Eyni şeyləri SSRİ də etmişdi – Polşaya, Əfqanıstana qoşun yeritmişdi. Soyuq müharibədən sonra bu ənənə dəyişmədi, ABŞ fərqli, Rusiya isə başqa məntiqlə hansısa ərazilərə qoşunlar yeridir, hərçənd ki, etiraf etmək lazımdır ki, Vaşinqtonun niyyəti ilhaq prosesinə hesablanmayıb.

Səbəb nə olursa-olsun, özlərinin strateji maraqları naminə sərhədlərindən kənara belə soxulan dövlətlərin məntiqinə heyranlığını gizlətməyənlər indi Azərbaycana qarşı hədyanlar yağdırır”.

Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycanın sərhədində yerləşir və sərhəddəki hər təxribat Azərbaycanın daxili-siyasi mühitini də korlaya biləcək potensiala malikdir:

“Belə olan təqdirdə, Azərbaycan niyə sərhəddəki təxribatların qarşısını almaq üçün hər hansı əməliyyatlar keçirməli deyil və ya bunun üçün İrəvan qarşısında şərtlər qoymalı deyil?

“Digərlərinə olar bizə yox” prinsipi artıq işləmir, çünki qlobal güc balansı dəyişir və indi tədbirlər görülməsə, ölkələri daha böyük təhdidlər gözləyə bilər.

Azərbaycanın sərhəd təhlükəsizliyini təhdidlərə qarşı tədbirlər məntiqi ilə izah etmək yaxşı olardı.

Ancaq Azərbaycan döyüşlər olmadan, hüquqi əsaslarla Qərbi Azərbaycana qayıdış üçün model təklif edir, Ermənistan bundan yayınırsa və təxribatlara davam edirsə, Bakı hansı tədbirlər görməlidir? Bir az məntiqli olsalar və səthi təsvirlərdən qaçsalar görərlər ki, Azərbaycanın tələbləri haqlıdır”.

Turan Rzayev
Globalinfo.az