Prezident dünya çempionlarını qəbul etdi – VİDEO

Prezident dünya çempionlarını qəbul etdi - VİDEO

 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.

Globalinfo.az həmin görüşün videosunu təqdim edir:

 

***17:05

İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı görüşdə çıxış etdi:

Prezident İlham Əliyevin çıxışı

– Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatı dünən başa çatdı. Azərbaycan milli komandası bütün oyunlarda peşəkarlıq, qələbə əzmi göstərərək dünya çempionu titulunu qazanmışdır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. İlk növbədə, komandanın oyunçularını, məşqçilərini, mütəxəssislərini, Minifutbol Federasiyasını və bu qələbədə iştirak etmiş bütün insanları təbrik edirəm. Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmisiniz! Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var.

Çempionatı izləyənlər öz gözləri ilə bizim oyunçularımızın tam üstünlüyünü görə biliblər. Mən oyunlarınızın son dördünü izləmişəm və tam əminliklə deyə bilərəm ki, bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. Siz bu qələbəyə layiqsiniz. Futbol meydançasında bütün rəqibləri üstələmisiniz və eyni zamanda, gözəl komanda ruhu nümayiş etdirmisiniz. Görürəm ki, oyunçular bir-birinə çox bağlıdır, bir ailə kimidir. Əlbəttə ki, komandada hökm sürən bu gözəl ab-hava, bu iqlim qələbənizi şərtləndirən amillərdən biridir, eyni zamanda, bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər. Oyunu həm gimnastika arenasında izləyənlər, həm də televiziya vasitəsilə izləyənlər sizin qələbənizə ürəkdən sevinmişlər. Yenə də deyirəm, siz bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər. Mən sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bu qələbələrin davamı olsun. Əlbəttə ki, bu titulu qorumaq o qədər də asan olmayacaq. Mübarizə çox gərgin gedirdi və təbii ki, dünya çempionatında təmsil olunan komandalar ən güclü komandalardır. Ancaq hesab edirəm ki, gələcəkdə xalqımızı sevindirmək və Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün sizin böyük imkanlarınız var. Bir daha sizi təbrik edirəm və bu qələbə sevincini xalqımıza bəxş etdiyiniz üçün Azərbaycan xalqı adından Sizə təşəkkürümü bildirirəm. Sağ olun.

*** 14:33

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.

Globalinfo.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Qeyd edək ki, Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç Azərbaycan yığmasının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.