Elektron məhkəmə” informasiya sistemi “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inteqrasiya ediləcək.
Globalinfo.az bildirir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunu apararkən Məhkəmə-Hüquq Şurası üzrə “Elektron məhkəmə” informasiya sistemindən də istifadə edəcək.
Qeyd edək ki, “Elektron məhkəmə” informasiya sistemi üzrə səlahiyyətli qurum dəyişib, Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurası ilə əvəzlənib.
X X X
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi artırılıb.
Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmana edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi
146 ştat vahidindən 164-ə, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidindən 57-ə və regional bölmələri üzrə 95 ştat vahidindən 107-ə qaldırılıb.
X X X
“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək.
Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti “e-mühasibat” informasiya sistemi haqqında əsasnaməni dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
Eyni zamanda Nazirlər Kabineti büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Maliyyə Nazirliyi isə “e-mühasibat” informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər və “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.
X X X
Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib.
Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb.
Qanuna əsasən, müvafiq məlumatları könüllü təqdim etmə mexanizmi bütün nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamil ediləcək.
X X X
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalı üzrə əlavə dəyər vergisi və gömrük rüsumundan azadolmalarla bağlı yeni hüquqi mexanizm qüvvəyə minib.
Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.
Yenilənmiş qanuna əsasən, sənaye və texnologiyalar parklarının rezidentləri, idarəedici təşkilatları və operatorları, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və fiziki şəxslər (hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olanlar) tərəfindən idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular üçün tələb olunan təsdiqedici sənədlərə dair müddəalar əlavə edilib.
İndi bu hüquqdan həmçinin işğaldan azad edilmiş ərazilərdə idxalı vergi və rüsumlardan azad olunan iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə fəaliyyət göstərən sahibkarlar da yararlana biləcəklər.
Yeni qayda 2023-cü il yanvarın 1-dən qüvvəyə minir və 2033-cü il yanvarın 1-dək tətbiq olunacaq.














