İkinci Qarabağ müharibəsindən sonra regionda geosiyasi nizam köklü surətdə dəyişib. Müharibədən əvvəlki status-kvonun saxlanılması əleyhimizə işləyə bilər. Qarabağ məsələsi həll edildikdən sonra Azərbaycanın idarəçilik institutunda islahatlar, xüsusilə Naxçıvanın muxtar statusunun ləğvi və Güney Azərbaycan məsələsi gündəmə gələcəkdi.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bu istiqamətdə artıq proseslər başlayıb:
“Naxçıvanda güc nazirliklərinin ləğvi və Bakıya birləşdirilməsi, növbəti mərhələdə statusun ləğvi Azərbaycanın təhlükəsizliyini və suverenliyini gücləndirəcək. Azərbaycan Konstitusiyasında Naxçıvan muxtar respublika olaraq siyasi və təhlükəsizlik məsələləri ilə məşğul olmamalıdır. Çünki o, yalnız iqtisadi, təhsil və humanitar məsələlər üzrə səlahiyyətlərə malikdir. Muxtar respublikada struktur dəyişiklikləri əhalinin rifahının yüksəldilməsinə və ölkəmizin suverenliyinin möhkəmləndirilməsinə töhfə verəcək”.
Politoloq bildirib ki, tarixi zərurət aradan qalxdığı üçün Naxçıvanın statusu ləğv edilərək, Prezidentin xüsusi nümayəndəliyi təsis edilə bilər:
“Rusiyadan kənarda və uzaq məsafədə yerləşən Kalininqrad vilayətinin statusu yoxdur. Bu, onun təhlükəsizliyini təhdid etmir. Belə olan təqdirdə qalib olan Azərbaycanın daxilində muxtariyyətə ehtiyac yoxdur.
Naxçıvan muxtariyyətinin ləğvi, birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir. Həmçinin Güney Azərbaycan məsələsinin də prezident tərəfindən qaldırılması bunun məntiqi nəticəsidir.
Biz Xankəndidə öz suverenliyimizi bərpa etmək istiqamətində addımlar atdığımız məqamda Naxçıvanın mərkəzə tabe olmayaraq müstəqil olması ciddi problemdir. Ona görə də Prezident İlham Əliyevin bu istiqamətdə siyasətini dəstəkləyirik”.
Zaira Akifqızı
Globalinfo.az














