Pezeşkianla bağlı şübhələr var – “Bakı və Tehran hazır olmalıdır”

Pezeşkianla bağlı şübhələr var – “Bakı və Tehran hazır olmalıdır”

İran Prezidenti Məsud Pezeşkianla bağlı iddialardan biri də “Hizbullah”çı olması haqda deyilənlərdir. Bundan başqa, İran rejiminin onu xüsusi əməliyyatla hakimiyyətə gətirdiyi deyilir. Versiyaya görə, Pezeşkinanın prezident seçilməsinin hədəflərindən biri Güneydə azərbaycanlıların milli hərəkatını gözdən salmaqdır.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Pezeşkiana qarşı iddiaların ciddi əsasının olduğunu düşünmür:

“Çox güman, bu, İran prezidentinin Azərbaycan əsilli olması ilə bağlıdır. Aydın məsələdir ki, İranda prezident postuna azərbaycanlının əyləşməsi başda fars elitası olmaqla, erməniləri də narahat edir. Çünki o, Güney Azərbaycan türklərinin haqlarının bərpası yönündə ciddi işlər görə bilər”.

Siyasi şərhçi qeyd edib ki, Pezeşkianla bağlı deyilən əksər neqativ fikirlər qara piardır:

“Əslində, Bakı və Tehran belə kampaniyalara hazır olmalı, lazım gəlsə, birgə mübarizə aparmalıdır. Hərçənd Pezeşkianın əslən azərbaycanlı olmasının ikitərəfli münasibətlərdə ciddi dəyişiklik yaradacağını da düşünmürəm. Çünki İran prezidenti sadəcə icraçıdır və Ali rəhbərə (Əli Xamenei – red.) tabedir. O, Ali rəhbərin tapşırıqlarından kənara çıxa bilməz. Yəni daxildə işlər görsə də, xarici siyasətdə ciddi addım atmaq gücü yoxdur”.

Turan Rzayev
Globalinfo.az