İran Prezidenti Məsud Pezeşkian ilk xarici səfərini İraqa etdi. Ekspertlər bu səfərin bir çox prizmadan mühüm əhəmiyyət daşıdığını bildirirlər.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Rövşənoğlu deyib ki, Məsud Pezeşkian İraqa səfərinin səbəbini elan edib:
“O dedi ki, İraqa getməsinin əsas səbəbi Nəcəf şəhərində İmam Əlinin (ə) məzarını ziyarət etməkdir. İraqda Həzrəti Əli (ə) və daha 5 imamın məzarı yerləşir. Səfəvi dövründən bu yana İran və Azərbaycan hakimləri İraqa səfər edərək İmamların (ə) məzarını ziyarət ediblər. Eyni zamanda müqəddəs hərəmləri – məqbərələri təmir etdirib, bahalı hədiyyələr təqdim ediblər.
Kənan Rövşənoğlu
Bu, Nadir şah və Qacarlar dövründə də belə olub. Pezeşkianın tarixi əsas alaraq İraqa getdiyini deyə bilmərəm, amma hər halda İranda qədimdən bu təcrübə olub. Pezeşkian da İraq səfərini bununla əsaslandırdı.
Siyasi baxımdan İraq İranın əsas qonşusu, geniş sərhəd əlaqələri və dini, tarixi bağlarının güclü olduğu ölkədir. Bu səbəbdən də İran prezidentinin ilk səfərini İraqa etməsi o qədər də təəccüblü deyil”.
Turan Rzayev
Globalinfo.az














