Pənah Hüseyn anons verdi: Müxalifət yenidən təşkilatlanır?

Pənah Hüseyn anons verdi: Müxalifət yenidən təşkilatlanır?

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn səlahiyyətlərini müavini Qiyas Sadıqova həvalə edib. O, qərarını belə əsaslandırıb:

Sitat: “Milli demokratik camiənin yenidən təşkilatlanması məsələsi ilə məşğul olmaq üçün səylər göstəririk. Bunu həyata keçirməkdə partiya sədri olmaq mənə mane olur. Ona görə də belə bir sərəncam verdim. Başqa səbəb yoxdur.”

Xatırladaq ki, Pənah Hüseyn vaxtaşırı Müsavat, zərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), digər milli azadlıq hərəkatı çərçivəsində yaranmış təşkilat və siyasətçiləri bir araya gətirmək təşəbbüsləri ilə çıxış edib.

Bu dəfə də oxşar proses gedir? Klassik müxalifət yenidən təşkilatlanır, yoxsa yeni siyasi ittifaq qurulur?

Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, cəmiyyətin mütəmadi yenilənməsinə böyük zərurət var:

“44 günlük Vətən müharibəsi, Rusiya-Ukrayna və İran-İsrail münaqişəsi regionda yeni reallıq yaradıb. Dünya nizamının pozulması, yeni geopolitik ittifaqların yaranması, yeni tarixi təhdid və çağırışların meydana çıxması daxili siyasətdə də adekvat addımlar atmağı tələb edir. Bu, yalnız iqtidara deyil, həm də müxalifətə ünvanlanıb. Pənah bəyin fikirləri ilə tanış deyiləm. Amma ümid edirəm ki, atdığı bu addım millətimiz və xalqımız üçün düşərli və uğurlu olacaq”.

Ümid Partiyasının sədr müavini Taleh Əliyev bildirib ki, hazırda ölkənin siyasi arenasında passivlik müşahidə olunur:

“Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərdən biri yaxın seçkilərin 2028-ci ilə təsadüf etməsidir. Digəri isə uzun illər davam edən Qarabağ probleminin həll edilməsi, azad olunmuş ərazilərdə quruculuq və qayıdış proseslərinin başlanmasıdır. Bu, ölkədə siyasi münasibətləri müəyyən qədər stabilləşdirib. Subyektiv səbəblərə gəldikdə isə, müxalifət düşərgəsində illərdir davam edən parçalanma və etimadsızlıq atmosferi siyasi mübarizənin zəifləməsinə yol açıb. Bu gün də müxalifət liderləri arasında güclü inamsızlıq mövcuddur. Bu, istənilən əməkdaşlığa mane olur”.

Siyasətçinin fikrincə, Pənah Hüseynin yenidən siyasi aktivliyə qayıtmaq cəhdi müsbət prosesdir:

“Bunun nə qədər effektiv olacağına dair müəyyən şübhələr var. Əvvəlki təşəbbüslər uğursuzluqla nəticələndiyi üçün bu dəfə də ehtiyatlı yanaşmaq lazımdır. 1990-cı illərdəki Xalq Cəbhəsi modelinin təkrar olunması nə realdır, nə də arzuolunandır. Həmin model qısa müddətdə daxili böhranlarla üzləşdi. Bu gün daha güclü siyasi institutların qurulması və onların milli quruculuq prosesinə fəal şəkildə cəlb edilməsi vacibdir”.

Taleh Əliyev qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra yeni mərhələyə keçid edib:

“Dünyada isə yeni güc balansları və dünya nizamı formalaşır. Belə bir zamanda daxildə siyasi qarşıdurmalar deyil, milli həmrəylik ön plana çıxmalıdır. İqtidarla müxalifət arasında əməkdaşlıq daha faydalı və zəruridir. Güney Azərbaycanda baş verən hadisələr milli birliyin, ortaq hədəflərin ətrafında toplanmanın əhəmiyyətini artırır”.

Zaira Akifqızı
Globalinfo.az