Paytaxtda yayılan qaz qoxusunun səbəbi bilinmir

Paytaxtda yayılan qaz qoxusunun səbəbi bilinmir

Xəbər verdiyimiz kimi, paytaxt Bakının bir çox ərazilərində qaz qoxusu hələ çəkilməyib. Sakinlərin narahatlığına səbəb olan qaz və ya mazut qoxusu daha çox “Əhmədli”, 8-km qəsəbəsi, “Günəşli”, NZS qəsəbəsi, “Koroğlu” metrostansiyası və s. istiqamətlərdə hiss olunur. Pis qoxunun yayılmasına səbəb olaraq 8 Noyabr prospektində yerləşən Bakı Neft Bazasının anbarlarının təmizlənməsi göstərilir.

Globalinfo.az-a danışan iqlimşünas Məhərrəm Mehdiyev təəssüflə belə qoxuların paytaxtda mütəmadi olaraq yayıldığını qeyd edib.

O, həmin ərazilərdə yerləşən zavodların hansı qaydada təmizləndiyindən məlumatsız olduğunu deyib:

Paytaxtda yayılan qaz qoxusunun səbəbi bilinmir

Məhərrəm Mehdiyev

“Təəssüf ki, Bakıda mütəmadi, vaxtaşırı bu cür qoxular olur. Neft Emalı Zavodu, onun ətrafındakı şöbələr, sexlər təmizlənir. Düzdür, yəqin bunu başqa cür də, səliqəli şəkildə, təmizləyici qurğulardan istifadə etməklə də həyata keçirmək olar. Biz orada prosesin necə getdiyini, texnologiyanın necə çalışdığını bilmirik”.

Qeyd edək ki, bu cür hallar Bakıda ildə bir neçə dəfə təkrarlanır. Hər dəfə bu cür qoxular yayıldıqda insanlarda narahatlıq, təlaş yaranır. Bu, həm də əhalinin sağlamlığına çox ciddi şəkildə zərərdir. Ona görə də belə istehsalat müəssisələrinin şəhərin mərkəzindən köçürülməsi yenidən aktuallaşır.

Zaira Akifqızı
Globalinfo.az