Paşinyanın “ölüm rəqsi” – 3 rayonun və 4 kəndin təhvil verilməsi…

Paşinyanın "ölüm rəqsi" - 3 rayonun və 4 kəndin təhvil verilməsi…

Hazırda Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana təhvil verilməsi ilə bağlı məsələ Ermənistanda ciddi narazılıq doğurub.

Azərbaycanla sərhəddə Qazaxın kəndlərinin işğal altında olduğu Tavuş vilayətinin Voskepar kəndi istiqamətində müəyyən hərəkətlənməyə cəhd göstərilsə də, İrəvan hakimiyyəti bunun qarşısını aldı. Kəndlərin təhvil verilməsinə müqavimət göstərməyə çalışan “Döyüş qardaşlığı” qanunsuz silahlı birləşməsinin 70-ə yaxın üzvü saxlanıldı.

Hər şeyə rəğmən Nikol Paşinyanın kəndləri təhvil verməkdə qərarlı olduğu bildirilir. Səsləndirilən bəzi versiyalara görə, kəndlər məsələsinin qabardılması ilə erməni xalqının Paşinyana qarşı narazılığının alovlandırılması və onun bu yolla devrilməsi planlaşdırılır.

Bəs belə bir şey mümkündürmü? Ağdam, Kəlbəcər, Laçının təslim edilməsi zamanı gözlənilən reaksiyanı verməyən erməni xalqı kəndlər üçün ayağa qalxıb Paşinyanı devirə bilərmi?

Ermənistanda baş verən son prosesləri Globalinfo.az-a şərh edən politoloq Aytən Qurbanova hazırkı vəziyyətin Rusiya və Qərb təsirləri arasında sıxışan Nikol Paşinyanın bir oyunu olduğunu qeyd edib:

“Əslində, bu, Ermənistanın baş nazirinin özünün də iştirakçısı olduğu bir şoudur. Yəni o, bir tərəfdən götürdüyü öhdəlikləri icra etməyə çalışdığını iddia edir, digər tərəfdən isə bu öhdəliklərə qarşı erməni xalqının “narazılıqlarını” ön plana çıxarır. Təbii ki, bu sadəcə Paşinyanın düşünəcəyi bir ssenari də deyil. Uzun müddətdir ki, Azərbaycana qarşı fərqli təxribatlar həyata keçirərək bizi hərbi qarşıdurmaya cəlb etməyə çalışan Fransa və onun drijorluğu ilə fəaliyyət göstərən bütün siyasi dairələrin maraqları da bu məsələdə istisnasız olaraq qeyd edilməlidir. Ona görə də, düşünmürəm ki, bu şou yalnız Ermənistandakı hakimiyyət uğrunda mübarizənin təzahürləridir, həmçinin Rusiya-Qərb qarşıdurmasının da növbəti mərhələsidir”.

“Qərb çətiri altında öz hakimiyyətini qorumağa çalışan Nikol Paşinyanın belə öhdəliklərdən yayınma manevrləri eyni qaydada Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi cəhdləri ilə müşayiət olunmağa davam edir. Proseslərin inkişaf xronikası göstərir ki, Ermənistanın sülhü imitasiyasına görə region hərbi təxribatların intensivləşməsi mərhələsinə daxil ola bilər” – politoloq bildirib.

Ayşən Mustafa
Globalinfo.az