Paşinyanın hiyləgər planı- Sülh müqaviləsi ilə bağlı Bakı hansı qərarı verəcək?

Bakının ev sahibliyi edəcəyi COP29 sammitinə qədər, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı fikirlər səslənirdi. Lakin Ermənistanın son vaxtlarda atdığı addımlar: ordunun silahılandırılması, bir neçə istiqamətdə atəşkəsin pozulması, konstitusiya dəyişikliyindən yayınmaq kimi cəhdlərin edilməsi və s. görünür, prosesi bir qədər ləngitməyə hesablanıb.

Paşinyanın çoxbaşlı gedişləri, hiyləgər planları tükənənə kimi rəsmi Bakı sülh məsələsində israr etməyəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiz Alıyev deyib ki, Azərbaycan üçün sülh müqaviləsinin imzalanması hər zaman prioritet məsələ olub:

Ramiz Alıyev

“Regionda və dünyada sülhün bərqərar olunması rəsmi Bakı üçün olduqca önəmlidir. Bunun üçün əlindən gələni edir. Ermənistan da öz növbəsində bu istiqamətdə addımlar atmalıdır. Lakin bu gün İrəvanın yalnız sözdə sülh müqaviləsinin imzalamağa hazır olduğunu görürük. Müsbət açıqlamalar verməklə yanaşı həm də silahlanır. Fransanın regionla bağlı planlarına bir növ dəstək verir.

Naxçıvan istiqamətində atəşkəsin pozulması fonunda Ermənistan müdafiə nazirinin Fransada “Sezar” sistemləri almaq üçün müqavilə bağlaması da buna nümunədir”.

Politoloq qeyd edir ki, əgər hər hansı ölkə öz ərazisinin suverenliyinə təhlükə görərsə, həmin obyektləri məhv etmək, bufer zona yaratmaq hüququna malikdir:

“Azərbaycan da bu hüquqa malikdir və belə addım ata bilər. COP29 ərəfəsində iki ölkə arasında sülh müqaviləsinin imzalanması gündəmdədir. Lakin rəsmi Bakı üçün ən vacib məsələ Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsidir. Bununla bağlı Baş nazir Nikol Paşinyan göstəriş verib, yaradılan şura proseslə məşğul olsa da, gecikmə müşahidə edilir. Konstitusiya dəyişikliyi edilmədən imzalanan sülh müqaviləsi kövrək xarakterli olacaq. Azərbaycana isə dayanıqlı sülh lazımdır”.

Safura Bənnayeva
Globalinfo.az