Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Hakobyanla birlikdə Gümrüyə səfər edib.
Globalinfo.az xəbər verir ki, Hakobyanın Paşinyanla bağlı paylaşımı sosial şəbəkələrin erməni seqmentində diqqət çəkib.
Belə ki, Paşinyan səfər çərçivəsində adəti üzrə Gümrüdə velosiped turuna çıxmaq üçün hazırlaşıb. Hakobyan onun üst geyiminin görüntüsünü gülərək paylaşıb. Bu, erməni ictimaiyyətində birmənalı qarşılanmayıb. Ölkədə həm daxili, sosial sahədə, həm də xarici əlaqələrdə ciddi problemlərin olduğu, hətta Ermənistanın mövcudluğu və gələcək taleyinin təhlükədə olduğu deyilən bir zamanda baş nazirin hərəkəti tənqidə səbəb olub.
Xüsusilə Gümrünün keçmiş meri barəsində həbs orderinin çıxarılması, buradakı idarəçilərlə İrəvan hökuməti arasında problemlərin olduğu deyilən müddətdə Paşinyanın əraziyə səfər edərək velosiped turuna çıxması müzakirələrə səbəb olub. Onun daha öncə Paris və Moskvaya rəsmi səfərlərində də dövlət başçıları ilə görüş ərəfəsində şəhərdə velosipedlə gəzintiyə çıxması diqqət çəkmişdi. Hakobyanın Gümrüdəki gərgin vəziyyət fonunda Paşinyanın geyimini paylaşaraq əyləncə yaratması ermənilər arasında qeyri-ciddi qəbul olunub və qıcıq doğurub.
Əliyar Xəlil
Globalinfo.az














