Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edir. Baş nazir vurğulayıb ki, bunda məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır.
Sülh müqaviləsi yaxın aylarda imzalana bilərmi?
Globalinfo.az-a danışan Azad Vətən Partiyasının sədri, politoloq Akif Nağı deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son dövrdə nisbətən sakit və ilk baxışdan sülh mövqeyindən çıxış etdiyini görürük:
“Sülh istiqamətində təkliflər verir. Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 79-cü sessiyasındakı çıxışında da mübahisəli məsələləri qaldırmadı. Azərbaycana qarşı ənənəvi ittiham mövqeyindən geri çəkildi. Görünür, Nikol Paşinyan reallıqla, Azərbaycan və Türkiyənin mövqeyi, gücü ilə hesablaşır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbəti zamanı da onun fikirləri ilə razılaşdığını göstərirdi. “Daha ədalətli bir dünya” kitabını sinəsinə sıxan Paşinyan, yolunu ona əsasən müəyyənləşdirəcəyi mesajını verib. Onun bu addımı ermənilər tərəfindən birmənalı qarşılanmadı”.
Akif Nağı
Akif Nağının sözlərinə görə, Paşinyan çıxış yolunun Azərbaycan və Türkiyənin cızdığı yol xəritəsi ilə hərəkət etməkdən ibarət olduğunu anlayıb:
“Hər nə qədər sülh istiqamətində açıqlamalar versə də Paşinyanın bu “səmimiyyətinə” inanmaq olmaz. COP29-a qədər sülh müqaviləsinin imzalanmasından danışan Ermənistanın təklif etdiyi şərtlər Azərbaycan tərəfindən qəbul edilmədi. Əslində rəsmi İrəvan hər hansı sənədin imzalanmasında maraqlı deyil. Rəsmi Bakının əsas şərti yəni konstitusiya dəyişikliyi baş tutmadığı müddətcə, iki ölkə arasında sülh müqaviləsinin imzalanması real görünmür. Lakin COP29-a qədər çərçivə sazişinin imzalanması da istisna edilməməlidir”.
Safura Bənnayeva
Globalinfo.az














