Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 23-də Müstəqillik Bəyannaməsinin qəbulunun 34-cü ildönümü ilə bağlı çıxışında deyib ki, bu sənədlə erməni xalqı müstəqil dövlətə sahib olma arzusunu ifadə edir:
“Sonradan – 1995-ci ildə Müstəqillik Haqqında Deklarasiya ölkə konstitusiyasına salınıb və bu günə qədər ali qanunun preambulasında yer alır. Fərqli interpretasiyalara baxmayaraq, bu, o demək deyil ki, Müstəqillik Bəyannaməsinin bütün məzmunu konstitusiyaya daxil edilib. Bu iki sənədin məzmunu identikdir”.
Görünür, Ermənistan rəsmi Bakının sülh müqaviləsi üçün irəli sürdüyü konstitusiya dəyişikliyi ilə bağlı şərtini yerinə yetirməkdən yayınır. Bu həmin bənddir ki, özündə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasını əks etdirir. Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb, Ermənistan Konstitusiyasında isə bu müddəya istinad var.
Nikol Paşinyanın bu addımı nədən xəbər verir? Bakının cavabı nə olacaq?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Telman Nüsrətoğlu deyib ki, Ermənistan müstəqil dövlət anlayışından uzaqdır:
Telman Nüsrətoğlu
“Cənubi Qafqazda maraqlarını reallaşdırmağa çalışan xarici güclərin təsiri altında olan Ermənistan alətə çevrilib. 44 günlük müharibədən sonra bölgədə yaranan şərait sülh müqaviləsi üçün əlverişli idi. Lakin İrəvan israrlı şəkildə revanşist meylləri irəli aparmaqdan ötrü bütün fürsətlərdən istifadə etməyə çalışır, reallığı düzgün qiymətləndirə bilmir. Hazırda Fransa, Hindistan və digər ölkələr tərəfindən silahlandırılan Ermənistan nə vaxtsa, Azərbaycanla güc müstəvisində danışa biləcəyinə ümid edir. Unudurlar ki, demoqrafik, iqtisadi, hərbi və siyasi müstəvidə heç bir halda rəsmi İrəvan Bakı ilə hesablaşa bilməyəcək. Sərhədlərimizdə törədilən təxribatlar yaxud da yaranacaq eskalasiya Ermənistanın məğlubiyyəti ilə nəticələnəcək”.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan hazırda sülh müqaviləsindən uzaqlaşıb:
“Konstitusiya məsələsi ilə bağlı Baş nazir Nikol Paşinyanın daha öncəki açıqlamaları ilə son fikirləri arasında fərqlər var. Heç bir ölkə öz kionstitusiyasında başqa ölkələrlə bağlı ərazi iddiası ilə çıxış etməməlidir. Bu, qəbuledilməzdir. Ermənistan konstitusiyasını dəyişmədiyi halda sülh müqaviləsi imzalanarsa, gələcəkdə iqtidara gələn şəxs bunun konstitusiyaya zidd olduğunu deyərək müqaviləni ləğv edə bilər.
İki ölkə arasında çərçivə sazişinin imzalanmasında belə Ermənistan qonşu ölkələrə qarşı ərazi iddiasının olmamasına dair öhdəlik götürməlidir. Digər tərəfdən İrəvan Ankara ilə normallaşmağa can atır. Qərb ölkələri də Ermənistanı bu prosesi Azərbaycanla sülh müqaviləsindən ayrı aparmağa təhrik edirlər. Lakin sözügedən məsələdə Azərbaycan və Türkiyənin mövqeyi bəllidir. Sülh müqaviləsi imzalanmasa, Ermənistanla sərhədlər açılmayacaq.
Rəsmi İrəvanın silahlanması, sərhəd ərazilərə mülki missiyaların gətirilməsi, görüşlərin keçirilməsi və s. onun yeni təxribata hazırlaşdığından xəbər verir və biz də buna tam hazır olmalıyıq”.
Safura Bənnayeva
Globalinfo.az














