“Məndən tutmuş sələflərimədək – Ermənistanın sərvətlərinin 70-80 faizini Qarabağ məsələsi üçün sərf etdik”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
N.Paşinyan illər boyu Qarabağı məsələsinin Ermənistanın maraqlarından üstün tutulduğunu bildirib:
“Ermənistanın xarici siyasəti yox idi, Qarabağın xarici siyasəti vardı. Ermənistanın təhlükəsizlik proqramı yox idi, Qarabağın vardı. Nə demək istədiyimi anlayırsız? Bizdə dövlətçiliyə imkan yaradılmayıb. Elə bir vəziyyət formalaşıb ki, Qarabağda dövlət qurulmasına Ermənistanda dövlətçiliyin formalaşdırılmasından daha böyük sərvət sərf olunub. Lakin “dağlıq qarabağ respublikasının” qurulması BMT-nin 1993-cü il tarixli qətnamələri, 1999-cu il İstanbul zirvəsi, Madrid prinspləri və 2016-cı ildə keçirilən müzakirələrə əsasən mümkünsüz idi. Başa düşürsünüz, lap əvvəlindən beynəlxalq ictimaiyyətin mane olduğu bir məsələnin həlli üçün sərvətimizi xərclədik”.
“Qarabağdan köçən əhali qayıtmaq istəməyəcəyi təqdirdə, ölkəmizdə onlara şərait yaradılacaq. Əvvəlki səhvlərin təkrarlanmaması üçün imkan yaranıb. Azərbaycan deyir, ermənilər qayıdıb Qarabağda təhlükəsiz şəkildə yaşaya bilər, problem yoxdur, lakin Ermənistandan köçən azərbaycanlıların hüquqlarının təmin edilməsi də sülh sazişinə salınmalıdır. Biz isə bunu Naxçıvan, Gəncə, Bakı, Sumqayıt ermənilərinin qayıdışı adlandıra bilərik. İndi sual yaranır, biz hansı məntiqə uyğun hərəkət edirik? Sülh, yoxsa münaqişə üçün resurs toplayırıq?”, – Paşinyan qeyd edib.
Ayşən Mustafa
Globalinfo.az














