Paşinyan başa düşür ki, nə Qərbə etibar var, nə də Moskvaya – İrəvan labirintdə

ABŞ Dövlət Katibi Entoni Blinken Azərbaycan və Ermənistan arasında tez bir zamanda sülh bağlanmasına çağırış etdi. Azərbaycanda səfərdə olan Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen də bu çağırışı təkrarladı.

Rəsmi Bakı üçün Vaşinqtonun bu mövqeyi məqbul olsa da yetərli deyil. Çünki Azərbaycan tərəfi Ermənistan konstitusiyasında dəyişikliyin olmasını tələb edir. Bakı ərazi iddialarını əsas gətirərək Vaşinqtondan konstitusiyanın dəyişdirilməsi üçün İrəvana təzyiq etməsini istəyir.

Bu çağırışdan sonra Ermənistanın konstitusiyasına dəyişiklik edərək sülh sazişini sürətləndirmək ehtimalı var?
Sülh sazişinin imzalanması prosesi nə qədər zamana mümkün ola bilər?

Globalinfo.az – a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ əvvəllər də oxşar açıqlamalarla çıxış edib:

“Amma bu ritorikanın səmimi olduğuna inanmıram. Əgər Vaşinqton səmimidirsə, İrəvanın “başının altına yastıq qoymaq” əvəzinə, onu sülhə sövq etməlidir. Biz bunu görmürük.

Bundan əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyan Azərbaycanı guya sülhdən yayınmaqda ittiham etmişdi. Əslində isə sülhdən yayınan elə İrəvanın özüdür.

İndi sülh Azərbaycandan çox Ermənistana lazımdır. Çünki rəsmi Bakı artıq öz maraqlarını icra edib, ərazi bütövlüyünü təmin edib. Ermənistan hakimiyyətinin və hətta dövlətçiliyinin gələcəyi isə sual altındadır. Çünki rəsmi İrəvan faktiki olaraq Rusiya ilə Qərb arasında sıxılır. Hər iki tərəfdən Paşinyan hakimiyyətinə təzyiq göstərilir. Belə bir şəraitdə Paşinyan özü də başa düşür ki, nə Qərb etibarlıdır, nə də Moskva. Bundan başqa, Ermənistan daxilində də vəziyyət kifayət qədər mürəkkəbdir”.


Kənan Novruzov

Ekspert deyib ki, belə bir şəraitdə rəsmi İrəvana yeni təhlükəsizlik çətiri lazımdır:

“Bunun üçün ən optimal variant isə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır. Əgər bu olarsa, regionda əməkdaşlıq mühiti yaranacaq. Beləliklə, ilk növbədə İrəvanın iqtisadi baxımından inkişafı və dirçəlməsi üçün şərait yaranacaq. Bu isə öz növbəsində Ermənistanı siyasi cəhətdən də müstəqil edə, xarici güclərin təsirindən çıxara bilər.

Bütün bunları Paşinyan hakimiyyəti yaxşı anlayır. Ona görə də son zamanlar sülhlə bağlı daha fəal davranır. Ermənistanın sülh üçün tələsməyinin əsas səbəbi də məhz yuxarıda qeyd etdiyimiz amillərdir.

Bundan başqa, Paşinyan anlayır ki, sülh sazişi uzandıqca işi daha da çətinləşə bilər. Rəsmi Bakı İrəvanı fakt qarşısında qoymağa davam edir. Odur ki, Ermənistan tələsir.

Amma Azərbaycanın konkret şərt və tələbləri var. Onlardan biri də Ermənistan konstitusiyasının dəyişilməsidir. İrəvan hələ ki, bu barədə dərindən düşünənə oxşamır. Mirzoyan bir ay ərzində sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib. Ancaq qarşıdakı bir ayda Ermənistan qanunvericiliyinə dəyişiklik olması ağlabatan görünmür. Bu isə o deməkdir ki, Mirzoyan sadəcə olaraq populist bəyanatlar verir, reallıqları nəzərə almır. Bir ay ərzində sülh sazişinin imzalanması inandırıcı deyil”.

Turan Rzayev
Globalinfo.az