Parlament buraxıldı, deputatların səlahiyyəti bitdi?

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən VI çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxıldı. Milli Məclisə növbədənkənar seçkilər 1 sentyabr 2024-cü il tarixə təyin olundu.

VI çağırış deputatları bu qərar ilə bağlı nə düşünür? Deputatlar növbədən kənar parlament seçkilərinə qədər nə edəcək?

Globalinfo.az – a danışan deputat Fazil Mustafa deyib ki, Milli Məclis digər partiyalar kimi onlar da yeni seçkilərə hazırlaşırlar:

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi qanunauyğundur. Bildiyiniz kimi, ölkəmizdə keçiriləcək dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 ilə bağlı olaraq seçkilər iki ay müddətinə irəli çəkildi. Məncə, bunda heç bir narahatedici amil yoxdur.
Hesab edirəm, normal, demokratik seçkilər keçiriləcək. Cəmiyyətimiz də buna tam hazırdır. Vətəndaşların da bu seçkidə aktiv olacağına inanıram”.

Deputat Adil Əliyev isə deyib ki, VI çağırış Milli Məclis Prezident İlham Əliyevin parlamentin qarşısına qoyduğu tapşırıq və tövsiyələrə uyğun olaraq üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi:

“Milli Məclisin sədri xanım Sahibə Qafarovanın rəhbərliyində parlament beynəlxalq parlament təsisatları ilə əməkdaşlıq etdi, pandemiya və müharibə şəraitində fasiləsiz fəaliyyət göstərdi. Deputat həmkarlarımla birlikdə mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirildi, ölkəmizin həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırıldı.

Millət vəkilləri olaraq, səlahiyyətlərimiz çərçivəsində hər zaman seçicilərə layiqli xidmət göstərməyə çalışdıq”.

Turan Rzayev
Globalinfo.az