Fransanın “Avropa-1” (Europe 1) radiosu Yeni Kaledoniyada baş verənlərin arxasında Azərbaycan xüsusi xidmət orqanlarının dayandığına dair iddialar irəli sürüb.
İddia edilir ki, Fransa kəşfiyyatı 2023-cü ildə Bakının Numeada planlaşdırdığı əməliyyatının qarşısını alıb.
Fransanın bu iddiası doğrudur? Bakı Okeaniyada bir adaya müdaxilə edib, prosesləri qızışdıra bilər? Parisin bu görüşünün səbəbi nədir?
Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, Fransanın iddiaları Cənubi Qafqazda, Afrikada və bu ölkənin neokolonialist siyasətinin hədəfində olan bütün ərazilərdə uğradığı rüsvayçılıqdan qaynaqlanır:
“Azərbaycan bütün beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq-aşkar mübarizə aparır. Fransanın qəsb etdiyi, qanunsuz məskunlaşdırma siyasəti yürütdüyü Yeni Kaledoniyada bu ölkənin yerli xalqının öz hüquqları uğrunda mübarizəsinə Azərbaycanın mənəvi dəstəyi ölkəmizin ədalət və humanizm prinsiplərinə sadiqliyindən xəbər verir.
Qeyd edim ki, Fransanın “Avropa 1” radiosunun yaydığı dezinformasiyada “2023-cü ildə Bakının Numeada planlaşdırdığı əməliyyatın qarşısını alınması” barədə yer alan iddialar da təsadüfi deyil. Çünki məhz 2003-cü ildə Fransanın Cənubi Qafqazda və Mərkəzi Asiyada sabotaj və diversiya fəaliyyəti həyata keçirmək niyyəti güdən cəsus şəbəkəsinin üzvləri Azərbaycan xüsusi xidmət orqanları tərəfindən aşkara çıxarılmışdı.
Uzun illər Fransa kəşfiyyatı ilə əməkdaşlıq edən Fransa vətəndaşlarından birinin Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığı nəticəsində Azərbaycanda xidmət etmiş, fəaliyyətlərini davam etdirən, onlarla fransız məxfi agent ifşa edilmişdi. Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyəti ilə bağlı təqdim olunan sübut və sənədlər rəsmi Parisin planlarını alt-üst etmişdi və nəticədə Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad etmək məcburiyyətində qalmışdı. Görünür, rəsmi Paris 2003-cü ildə uğradığı rüsvayçı məğlubiyyətinin əvəzini, həm də Yeni Kaledoniyada törətdiyi qanunsuz əməllərin fonunda kampensasiya etməyə, həm də Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini ləkələməyə çalışır”.
Turan Rzayev
Globalinfo.az














