PA nümayəndəsi İctimai Şuranın üzvləri ilə görüşdü

PA nümayəndəsi İctimai Şuranın üzvləri ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Globalinfo.az-a verilən məlumata görə, Prezident Administrasiyasının rəsmisi bu günlərdə yeni tərkibi seçilmiş şuranın üzvlərini bu münasibətlə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində QHT-lərin fəal iştirakına, ictimai iştirakçılığa xüsusi əhəmiyyət verildiyini vurğulayıb.

ƏƏSMN-in fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində İctimai şuranın rolundan və şuranın qarşısında duran vəzifələrdən bəhs olunub, təklif və tövsiyələr verilib.

ƏƏSMN-in Aparatının rəhbəri Fuad Musayev nazirlik yanında İctimai şuranın son iki illik dövrdəki uğurlu fəaliyyətini qeyd edib.

QHT-lərin ictimai nəzarət funksiyalarının gücləndirilməsi məsələləri ilə əlaqədar müzakirələr aparılıb, şura üzvlərinin təklifləri dinlənilib və sualları cavablandırılıb.