Orban Ukrayna ilə bağlı “qələbə”ni elan etdi

Orban Ukrayna ilə bağlı “qələbə”ni elan etdi

Ukraynanın NATO-ya qəbuluna qarşı çıxan ölkələr Haaqa sammitində zəfər çaldılar.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Patriota” adlı “YouTube” kanalına müsahibəsində deyib.

“Hazırda qalib gələnlər Ukrayna ilə məşğul olmaq istəməyən və “əgər Ukrayna NATO-nun üzvü deyilsə, onun prezidenti sammitə dəvət olunmamalıdır” deyən ölkələrdir,” – deyə Orban vurğulayıb.

O, bu ilin Haaqa sammitindəki ab-havanın ötənilki Vaşinqton toplantısından fərqli olaraq daha qənaətbəxş olduğunu qeyd edib.

“O vaxt yekun bəyanatda Ukraynanın NATO-ya aparan yolunun qaçılmaz olduğu yazılmışdı. İndi isə tam əksi baş verdi. Mən deyərdim ki, biz qalib gəldik. Amma bu, sadəcə bir döyüşdür, bütöv müharibə yox,” – deyə Orban əlavə edib.

Macarıstan hökumətinin təkcə NATO deyil, həm də Avropa İttifaqı daxilində də Ukraynanın üzvlüyünə qarşı olduğunu bir daha təsdiqləyən Baş nazir 26 iyunda Brüsseldə keçiriləcək Aİ sammitində bu mövqeyini davam etdirəcəyini bəyan edib.

Orban daha əvvəl açıqlamışdı ki, Ukrayna prezidenti Vladimir Zelenskinin NATO sammitində iştirakına təkcə Macarıstan deyil, Slovakiya, ABŞTürkiyə liderləri də qarşı çıxıblar.

Baş nazir Aİ sammitində Macarıstanda keçirilən referendumun nəticələrinə əsaslanacağını da bildirib. Referendumun nəticələrinin iyunun 27-si səhər açıqlanacağı gözlənilir.

Aysel Əliyeva
Globalinfo.az