Türkiyə Bəşər Əsədin devrilməsindən sonra xarici dövlətlərin Suriyadakı kürd döyüşçülərinə dəstəyini dayandıracağını gözləyir.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Misirdə keçirilən sammitdən evə dönərkən jurnalistlərlə söhbətində Ərdoğan qeyd edib ki, artıq xarici qüvvələrin YPG-ni dəstəkləmək üçün heç bir səbəbi qalmayacaq.
“Biz inanırıq ki, qarşıdakı dövrdə heç bir qüvvə terror təşkilatları ilə əməkdaşlığı davam etdirməyəcək. İŞİD və PKK/YPG kimi terror təşkilatlarının başçıları ən qısa zamanda məhv ediləcək”, – deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, YPG Suriyanın şimal-şərqində ABŞ tərəfindən dəstəklənən və “Suriya Demokratik Qüvvələri” adlandırılan alyansın əsas qüvvəsidir. Türkiyə isə YPG-ni uzun müddətdir Türkiyə dövlətinə qarşı mübarizə aparan və Ankara, Vaşinqton, eləcə də Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın davamı hesab edir.













