Ölən şəxsi musiqi ilə dəfn etmək olar? – Din xadimi açıqladı

 

Ölən şəxsi musiqi ilə dəfn etmək olar? – Din xadimi açıqladı

Xalq artisti Aftandil İsrafilovla vida mərasimi bəstələdiyi “Kəmalə” rəqsinin sədaları altında keçirildi. Bu, müəyyən şəxslər tərəfindən narazılıqla qarşılandı. Bundan öncə də belə hallar olmuşdu. Məsələn, müğənni Məhəbbət Kazımov “Laçınım” mahnısının sədaları altında dəfn edilmişdi. Tanınmış ictimai-siyasi xadim Vurğun Əyyubun cənazəsi “Ruhani” havası ilə evinin qarşısından qaldırılmışdı. Bir neçə el sənətkarı dünyadan köçəndə cənazəsi üstə saz havası çalınıb.

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bunun islam dini ilə bağlı olmadığını deyib.

O bunun adət-ənənələrlə bağlı olduğunu bildirib:

“Bu adət müsəlman və ya qeyri-müsəlman olan xalqlarda da var. Sadəcə, yanaşma fərqli ola bilər. Misal üçün, ərəblərdə vəfat etmiş şəxsi dinə uyğun dəfn etsələr də, ondan sonra qadınlar müxtəlif səslər çıxarırlar. Bu, artıq adətdir. Bizdə də buna bənzər hal yaşanır. Görürsən ki, adamı dəfn etdikdən sonra qadınlarımız gedib orada mərsiyə deyirlər, rozə oxuyurlar. Belə məsələlərə din qarışmır”.

Ölən şəxsi musiqi ilə dəfn etmək olar? – Din xadimi açıqladı

Fuad Nurullayev

Din xadimi deyib ki, islam dinində əsas məsələ dəfn olunan şəxs üçün cənazə namazının qılınması, islam qaydasına uyğun qəbrin qazılması, kəfənlə dəfn edilməsidir:

“Dinimizdə əsas şərtlər sadaladıqlarımdır. Qalan şeylər isə artıq mentalitetdir. Bəli, bəzi sənətkarlarımızı dəfn edən zaman el adəti olaraq, müəyyən musiqi sədası ilə yola salırlar. Allah Məhəbbət Kazımova rəhmət eləsin, “Laçınım” mahnısını ifa edən zaman insanların ürəyindən “tikan” çıxarardı. Ona görə də, onu sevənlər həmin mahnı sədaları altında yola saldılar. Aşıqlarımız var ki, onlar dəfn olunan zaman öz yoldaşları saz sədası altında sağollaşırlar. Eləcə də Xalq artisti Aftandil İsrafilovla öz bəstə olan melodiya ilə vidalaşdılar. Amma burada kütləvi hal yoxdur. Sadəcə, istisna olan hallar var və cəmiyyətimiz bunu anlaqlı şəkildə qəbul edir. Görürsünüz, şəhidlərimizi dəfn edən zaman himn səsləndirilir və yaylım atəşi açılır. Bu, elimizdə, millətimizdə olan adətdəndir ki, belə edirlər. Əsas odur, bu faktlar elə böyük narazılıq yaratmır”.

Zaira Akifqızı
Globalinfo.az