Xəbər verdiyimiz kimi, İsraillə müharibənin ilk günündə SEPAH Qüds Qüvvələrinin komandiri, general İsmayıl Qaaninin öldürüldüyü xəbəri yayıldı. Lakin sonradan onun sağ olduğu barədə məlumatlar, hətta bunu təsdiqləyən videoların mövcudluğu iddia edildi.
İctimaiyyətdə belə bir sual yaranıb ki, hücumun ilk günündə öldürülən hərbçilərin və alimlərin cəsədlərinin görüntüləri, dəfn mərasimləri niyə yayılmadı? Onların öldürülməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirirmi, yoxsa bu xəbərlər yalan ola bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Aydın Quliyev deyib ki, böyük siyasətdə xüsusilə 21-ci əsrin beynəlxalq münasibətlərində hər şey mümkündür:
“ABŞ, İsrail və İran üçbucağında ağlasığan çox hadisə baş verə bilər. Lakin yayılan videokadrların süni intellekt məhsulu olma ehtimalını istisna etmək olmaz. İranın öldürüldüyü iddia olunan yüksək səviyyəli məmurlarının dəfn mərasimlərinin göstərilməməsi müxtəlif səbəblərlə bağlı ola bilər. Ola bilər ki, İran hökuməti həmin zərbələr zamanı daha vacib müdafiə məsələləri ilə məşğul olduğundan dəfn mərasimini çox təntənəli keçirməyi lazım bilmədi. Həmçinin, kütləvi dəfn mərasiminin hücum hədəfi ola biləcəyindən ehtiyatlandı.
Aydın Quliyev
Nəhayət, yüksək səviyyəli İran məmurlarının hələ sağ olması ehtimalı da mövcuddur, amma bu, ən zəif ehtimallardan biridir. Açıq desəm, mən bu məmurların hələ sağ qalma ehtimalına çox inanmıram. Bu ölümləri gizli saxlamaqda dərin bir məntiq görmürəm.
Əksinə, həmin günlərdə İran hökuməti bir-bir öldürülən məmurlarla bağlı faktları İsrail hakimiyyətinə qarşı ciddi ittiham kimi istifadə etməyə çalışdı. İran bütün dünyaya bildirdi ki, “İsrail fərdlərə qarşı dövlət terroru həyata keçirir”.
Yekun olaraq deyə bilərəm ki, İranın yüksək hərbi kadrlarının öldürülməsini gizli saxlamağın məntiqi azdır.
İsrailin İranı ildırım sürəti ilə çökdürmək planı uğursuz oldu. Xalq ayağa qalxıb dini hakimiyyəti devirmədi. Halbuki İsrail bunu çox istəyirdi”.
Safura Bənnayeva
Globalinfo.az














