Obrayen Bakıya bu planla gəlir: ABŞ-ın məqsədi bəlli oldu

“Obrayenin Bakıya hansı planla gəldiyi artıq sirr deyil. Vaşinqton Mərkəzi Asiyadan Avropaya uzanan Orta dəhlizdən Çini və Rusiyanı kənarlaşdırmaq niyyətindədir”.

Globalinfo.az xəbər verir ki. bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, bunu artıq açıq şəkildə dilə gətirirlər:

“Obrayen da bildirir ki, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək və buna görə Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyacımız var. ABŞ-ın planı bəllidir. Bu haqda bir neçə dəfə fikir səsləndirmişik. Obrayen də Bakıya son müzakirələri aparmaq üçün gəlir. İyulun 15-də Vaşinqtonda keçiriləcək NATO sammitinə Azərbaycan və Ermənistanın da dəvət ediləcəyi, birbaşa təmaslarda razılaşmaların əldə olunmasına çalışacaqları istisna deyil”.

Politoloq əlavə edib ki, burada əsas həlledici məqam kommunikasiyanın hansı məntiqlə açılması olacaq.

“Ermənistan Naxçıvana “maneəsiz keçid” verməkdən imtina edir. Mərəzi Asiya-Avropa marşrutuna Ermənistanı qoşmaq istəyən ABŞ da “yol məntiqi”nin tərəfdarıdır. Lakin Bakının Naxçıvana çıxışda “Azərbaycandan Azərbaycana prinsipi” ilə bağlı istəyi qəbul edilməyəcəyi təqdirdə, bunun reallaşması çətin görünür. Mümkündür ki, Obrayenin İrəvan və Bakı səfərlərində Naxçıvana çıxışın bu prinsiplər əsasında açılması da müzakirə olunsun, yaxud Azərbaycandan Naxçıvana gedən yolun beynəlxalq nəzarət altında olması kimi variantlar da ola bilər. Bütün hallarda Azərbaycan Naxçıvana “maneəsiz keçid” əldə etməlidir. Əks təqdirdə, Bakının razı olmayacağı aydın görünür. Bu məsələdə Ankara da Bakı ilə eyni gündəlikdən çıxış edir”, – deyə siyasi şərhçi vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az