Azərbaycanın iki sabiq xarici işlər naziri – Tofiq Zülfüqarov və Elmar Məmmədyarovun verilişdə bir araya gətirilməsi gərginliyə səbəb olub. Belə ki, Tofiq Zülfüqarov sosial şəbəkə hesabında xələfi Elmar Məmmədyarovla bağlı tənqidi fikirlər yazıb.
Sitat:
“Dünən gözlənilmədən ARB-24 telekanalı məni Elmar Məmmədyarovla bir verilişdə birləşdirdi. Düşünürəm ki, o, tezliklə Gela Vasadzenin (gürcü bloger – red.) Yutub kanalında məni əvəz edəcək… Ah, “Rus evi”, sən necə də çoxüzlüsən”.
Yerli media bu paylaşımı E.Məmmədyarova ironik mesaj kimi qiymətləndirib.
Globalinfo.az-a danışan Elmar Məmmədyarov Tofiq Zülfüqarovun fikirlərinin əsassız olduğunu deyib:
“Açığı, mənə maraqlı olmayan insanlar haqda danışmağı sevmirəm. Açıqlamalar verirəm, üzdə olan sabiq nazirlərdənəm, daha populyaram deyə haqqımda hər sözü danışırlar. Həmkarımın mənimlə bağlı yazdıqlarını oxumamışam. Ümumiyyətlə, mənə Tofiq Zülfüqarovun fikirləri maraqlı deyil. Özü danışıb, özü də cavab versin. İnanın ki, o adamı qətiyyən izləmirəm və belə bir istəyim də yoxdur”.
Zaira Akifqızı
Globalinfo.az














