Avropanın daha 3 ölkəsi elan etdi: Fələstin dövlətini tanıyırıq!

Avropanın daha 3 ölkəsi elan etdi: Fələstin dövlətini tanıyırıq!

İspaniya da mayın 28-də Fələstin dövlətini rəsmən tanıyacaq. 

Globalinfo.az xəbər verir ki, bunu ölkənin Baş naziri Pedro Sançez açıqlayıb.

İrlandiyanın Baş naziri Simon Harris də ölkəsinin Fələstin dövlətini tanıyacağını elan edib:

“Hazırda biz Oslo və Madriddəki hadisələri izləyirik, çünki hər iki ölkə eyni vaxtda Fələstin dövlətini tanımaq planlarını açıqlayır. Daimi sülh yalnız azad xalqın azad iradəsi əsasında təmin oluna bilər. Qəzzada fələstinlilər dəhşət, əzab, sıxıntı və aclıqdan əziyyət çəkirlər. Hazırda çoxunun təsəvvür edə bilməyəcəyi humanitar fəlakət yaşanır”.

***

Norveç Fələstin dövlətini rəsmən tanıyacaq. 

Globalinfo.az xəbər verir ki, bunu ölkənin Baş naziri Yonas Qar Stör açıqlayıb.

“Qəzzada davam edən müharibədə sülh və sabitliyin əldə edilməsi Fələstin məsələsinin həlli əsasında olmalıdır. Məqsəd Fələstinin muxtariyyətinə əsaslanan siyasi baxımdan vahid dövlətin yaradılmasıdır. Problemin iki dövlət prinsipi ilə həlli İsrailin də maraqlarına uyğun olacaq. Norveç mayın 28-də Fələstin dövlətini rəsmən tanıyacaq”, – baş nazir bildirib.

Qeyd edək ki, BMT-yə göndərilən son məktublara əsasən ən azı 140 ölkə Fələstin dövlətini tanıyır.

Ayşən Mustafa
Globalinfo.az