Bu gün Məhərrəmlik ayının ikinci günüdür. Dini inanclara görə, İmam Hüseyn və tərəfdarlarının qətlə yetirildiyi bu ayda 60 gün toy, nişan və əyləncəli günlər qeyd olunmur. Maraqlıdır, şiə məzhəbinin üstünlük təşkil etdiyi digər ölkələrdə də buna əməl edilirmi?
Məsələ ilə bağlı Globalinfo.az-a danışan Məşədi Dadaş məscidinin imamı Əli Şərbətov deyib ki, 2 ay toy etməməkdə əsas səbəb Hz.Hüseynə etiramdır:
“60 günün 40 günü imamlarımızın şəhadət günləridir. Sonra isə Səfər ayı gəlir – bu, Hz.Peyğəmbərimizin vəfatı və digər imamların şəhadətini özündə ehtiva edir. Bu səbəbdən də o günlərin ağırlığına hörmət olaraq şənlik mərasimləri keçirilmir. Bunu müqəddəslərimiz, imamlarımız da ağır günlər hesab ediblər. Ona görə də Allaha, Hz.Peyğəmbərə, dinimizə hörmət əlaməti olaraq bu aylarda toy və bənzər mərasimlər təşkil edilmir”.
Əli Şərbətov
Əli Şərbətov bildirib ki, Kərbala şəhidlərinə bir çox ölkələrdə yas saxlanılır:
“Əfqanıstan, Pakistan, İraq, Suriya, İran, Livan və digər müsəlman ölkələrində, ümumiyyətlə, harada Peyğəmbərə (s.ə.s) etiqad var, orada Məhərrəmlikdə bu cür davranırlar”.
Zaira Akifqızı
Globalinfo.az














