Netanyahuya “Məsih”in gəlişi ilə bağlı nə deyilmişdi? – 1 il öncə başlayan savaşın kodları

Netanyahuya “Məsih”in gəlişi ilə bağlı nə deyilmişdi? - 1 il öncə başlayan savaşın kodları

Bu gün – oktyabrın 7-də İsrail-HƏMAS qarşıdurmasının bir ili tamam olur.

Bu münaqişə onminlərlə insanın həyatına son qoyub, xeyli sayda yaralı və girov var. Bu say hər keçən gün artır.

Digər tərəfdən, İsrail ordusu Beyruta kütləvi hava zərbələrini və Livanın cənubunda quru əməliyyatlarını davam etdirir, İrana bağlı “Hizbullah” qruplaşmasını məhv etməyə çalışır. “Hizbullah” lideri Həsən Nəsrullah sentyabrın sonlarında İsrail tərəfindən öldürüldü.

Bu qarşıdurma nə vaxta qədər davam edəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, İsrailin düz bir il əvvəl başlatdığı hücumlar nəticəsində Qəzzada 41 minə yaxın mülki insan öldürülüb, 100 minə yaxın insan isə yaralanıb:

“Əvvəlki müharibələrlə müqayisədə həddindən artıq çox dağıntı qeydə alınıb və ya kiçik bir əraziyə tonlarla bomba atılıb. Hücumların ətraf mühitə vurduğu zərəri artıran ən mühüm amillərdən biri də beynəlxalq hüquqa görə mülki əhalinin sıx yaşadığı ərazilərdə istifadəsi qadağan edilən ağ fosfor bombalarıdır. Bu da kiçik bir ərazidə humanitar, ekoloji böhrana səbəb olub, su böhranını dərinləşdirib. İsrailinin müxtəlif bəhanələrlə Qəzzada yaşayış massivlərini, məktəbləri, xəstəxanaları bombalaması səbəbindən insanların 90 faizi evsiz qalıb. Reallıq budur ki, İsrail fələstinlilərin ən ali hüquqlarından olan yaşamaq haqqını əlindən alıb. Torpaqları zorla əlindən alınan xalqın artıq gələcəyi də təhlükə altındadır. Dünya ictimaiyyətinin, sadəcə, sözdən ibarət çağırışları isə beynəlxalq humanitar hüququ və insan hüquqlarını müdafiə edən bir mexanizmin əməli olaraq mövcud olmadığını göstərir”.

Netanyahuya “Məsih”in gəlişi ilə bağlı nə deyilmişdi? - 1 il öncə başlayan savaşın kodları

Elmir Səftərov

Elmir Səftərovun sözlərinə görə, müharibənin dayandırılması üçün müxtəlif çağırışlar olsa da, sözü ilə əməlləri uzlaşmayan dövlətlər bu savaşı durdurmaq iqtidarında deyillər:

“Bu savaş bölgəni ağuşuna alacaq. Livandan əlavə, Suriya və Fərat çayının şərqini də əhatə edəcək. Savaş İsrailin hədəflərinə çatana qədər davam edəcəyi istisna deyil. Hər hansı tərəfin savaşı durdurması ehtimalı demək olar ki, yoxdur. Nə siyasi, nə iqtisadi, nə də hərbi baxımdan anlaşılmayan Yaxın Şərq müharibələri İsrailin dini baxışlarını özündə ehtiva edir. Heç bir müharibə hüququ gözlənilməyən savaşda mülki insanların qətlə yetirilməsini yeni dünya nizamına keçidin bir hissəsi kimi də qiymətləndirmək olar.

ABŞ bir yandan Yaxın Şərqdə savaşın bitməsinə, sabitliyin bərqərar olmasına çalışdığını desə də, İsrailə göstərdiyi silah yardımı 18 milyard dollara yaxındır və bu da Amerikanın, əslində, sülhün əldə olunmasına ən böyük mane olduğunu göstərir. ABŞ əslində İsrailin hamisi rolunda çıxış edir.

Daha əvvələ getsək, bu müharibənin çoxdan planlaşdırıldığını anlaya bilərik. Köhnə bir videoda bir ravvinin Benyamin Netanyahuya “Məsih hələ gəlməyib, onun gəlişi üçün bir şey et” deməsi İsrailin apardığı müharibənin təkcə Fələstinlə yekunlaşmayacağını, yaxın bölgələrə də sıçrayacağını göstərir”.

Safura Bənnayeva
Globalinfo.az