Neftin qiymətində kəskin eniş: Azərbaycanı hansı risk gözləyir?

Neftin qiymətində kəskin eniş: Azərbaycanı hansı risk gözləyir?

ABŞ və Çinin gömrük-tarif müharibəsi dünya neft bazarında təlatümə səbəb olub. Son günlər “qara qızıl”ın ucuzlaşıb 60 dollara çatması qlobal iqtisadiyyatın gələcəyini sual altında qoyub. Bəzi ekspertlərin fikrincə, bu, təbii proses deyil, geopolitik qarşıdurmanın ortaya çıxardığı reallıqdır. İqtisadiyyatı neftdən asılı olan ölkələr üçün ciddi problemlərin yaranacağı da istisna edilmir. Artıq Rusiya bu durumla bağlı narahatlığını ifadə edib.

Azərbaycan hökumətinin gözlənilən fors-major halla bağlı tədbirlər planı varmı?

Globalinfo.az-a danışan iqtisadçı Elman Sadıqov deyib ki, ABŞ-ın tətbiq etdiyi tariflər qlobal iqtisadiyyata, enerji bazarına təsir göstərəcək:

“Burada əsas məsələ ABŞ-la Çindir. İki dövlət arasındakı ticarət dövriyyəsi çox yüksəkdir. Lakin Vaşinqtonun 295 milyard dollarlıq kəsiri var. Onlar artıq buna dözmək istəmədiklərini bəyan edirlər. Tarif siyasəti, nəinki ticarət, hətta iqtisadi müharibələrə çevrilir. Ən təhlükəli məqam qarşılıqlı investisiyaların geri çəkilməsi olacaq. Digər tərəfdən, Çin ABŞ-a cavab olaraq nadir metalların ixracına da məhdudiyyət qoymağa başlayıb. Vaşinqtonun 17 qurum və şirkətini ixrac məhdudiyyəti siyahısına daxil edilib. Əsas məsələ, əlbəttə, neft bazarı ilə bağlıdır. ABŞ iki tərəfdən neft bazarına təsir göstərəcək. Biri təklifin artırılması, digəri isə dünya iqtisadiyyatının daralması və bu xaos fonunda tələbin azalmasıdır. Bu, neft qiymətlərində çökmə deməkdir”.

İqtisadçı bildirib ki, ABŞ-ın “B variantı” da var:

Neftin qiymətində kəskin eniş: Azərbaycanı hansı risk gözləyir?

Elman Sadıqov

“Şist neftin qiymətləri maya dəyərindən aşağı düşərsə, o zaman ABŞ Venesuela, Rusiya, İran və sair ölkələrin neftini müxtəlif variantlarla dünya bazarına çıxarmaq istəyir. Venesuela asandır – çevriliş yaxud sanksiyaların ortadan götürülməsi ilə bu, mümkündür. İran məsələsi hazırda gərginliyin pik nöqtəsindədir. Rusiya barədə hələlik tərəddüdlər mövcuddur. Hər bir halda, bu il dünyada gün ərzində neft təklifinin 3,5-4 milyon barel artırılmasına imkan var. Gələn il isə neft hasilatı və istehsalını artırmaqla, görülən tədbirlərlə qiymətləri daha da aşağı salmaq mümkündür. Açığı, ABŞ-ın başqa əlacı yoxdur. Çünki prezident Donald Trampın tariflərin yaradacağı inflyasiyanı iki yolla azaltmaq planı var – enerji qiymətləri və vergilərin aşağı salınması”.

Elman Sadıqov qeyd edib ki, Azərbaycan neftinin ucuzlaşmasına bir neçə istiqamətdə baxmaq lazımdır:

“Birincisi, neftin ucuzlaşması büdcəyə nə dərəcədə təsir göstərəcək? Bu, minimumdur. Çünki biz Neft Fondundan transfertlər edirik. Büdcədə ortalama günlük qiymət 70 dollar götürülüb. Düşünürəm ki, hələ ilin əvvəlidir və il ərzində qiymətin 70 dollardan aşağı olma ehtimalı yüksəkdir. Fikrimcə, bu məsələdə büdcəyə yenidən baxıla bilər. Dünya tamamilə yeni bir iqtisadi gerçəkliklərlə üz-üzədir. Ona görə də iqtisadiyyat sahəsində müəyyən baxışların dəyişməsi, fərqli yanaşmanın ortaya qoyulması, büdcə siyasətinin yenilənməsi və sair çox önəmlidir. O cümlədən ölkəmizdə də neftin qiyməti ilə bağlı müəyyən dəyişikliklər ola bilər. Bu məsələdə Azərbaycanın dözə biləcəyi minimum məbləğ elə 70 dollardır. Hazırkı rəqəm belə, hətta 70-75 dollar da bizim üçün uyğun deyil. Belə qiymətlər ticarət balansımız üçün kifayət etmir. Çünki idxalın maliyyələşməsi artır. Ona görə də bu istiqamətdə ciddi düşünməyə ehtiyac var”.

Günay Rəsulqızı
Globalinfo.az