Nə Putin, nə Bayden, müharibəni yalnız o dayandıra bilər!

“Rusiyanın Baxmut şəhərini işğal etməsi müharibəni uzadacaq. Ukrayna bu şəhəri itirsə də, əks-hücum əməliyyatlarından imtina etməyib. Belə vəziyyətdə tərəflər arasında danışıqlar real deyil”.

Globalinfo.az xəbər verir ki, bu sözləri  politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə müharibəni dayandırmaq üçün bir ara vasitəçi kimi çıxış etsə də, savaşın artan şiddəti qarşısında geri çəkildi:

“İstanbulda bir neçə görüş keçirilsə də, nəticə əldə olunmadı. Ankaranın vasitəçiliyində əsas uğur “taxıl anlaşması” oldu. Ancaq anlaşmanın hər dəfə uzadılmasına ehtiyac yaranır.

Bu arada, Pekin Ankaranın yerini tutmağa çalışır. Çin lideri Si Szinpin Rusiyaya iki günlük səfərindən bir müddət sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışdı. Ancaq vasitəçi olmaq üçün bu, kifayət etmir. Bu səbəbdən Si Szinpin Kiyevə nümayəndəsini göndərdi. Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huin Kiyevdə müzakirələr apardı. Çinli diplomat Kiyevdən sonra Ukraynadakı müharibənin həlli yollarını tapmaq məqsədilə Polşa, Fransa, Almaniya və Rusiyada da görüşlər keçirdi. Li Huin vaxtilə Çinin Rusiyadakı səfiri olub”.

Elxan Şahinoğlu

Politoloqun sözlərinə görə, Pekinin bu təşəbbüslərinə baxmayaraq, nəticə yoxdur:

“Pekinin müharibənin dayandırılması üçün bir neçə ay əvvəl hazırladığı 12 bəndlik təkliflər paketi işə yaramadı. Bu təkliflərin ən böyük qüsuru Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsinə dair bir cümlənin belə olmamasıdır. Qərb ölkələri Pekinin səmimiyyətinə inanmırlar. Fransa Prezidenti Emmanuel Makronun Ukrayna müharibəsinə görə Rusiyanın faktiki olaraq Çinin vassalına çevrildiyini bildirib. “Böyük yeddilərin” Yaponiyadakı toplantısında liderlər Çinə çağırış edərək, müharibənin dayandırılması məqsədilə Pekinin Kremlin siyasətinə təsiri vacibliyini vurğulayıblar. Pekinin isə müharibənin və işğalın dayandırılması məqsədilə Kremlə təsir etmək fikir yoxdur. “Böyük yeddilər” hesab edirlər ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinin müharibəni dayandırmağa imkanı var, ancaq Pekin bu imkandan istifadə etmək istəmir”.

Turan Rzayev
Globalinfo.az