Bir müddət öncə fəaliyyətinə xitam verilmiş prokuror Tariyel Qurbanova Müdafiə Sənayesi Nazirliyində vəzifə verilməsi ilə bağlı məlumat verilib.
Tariyel Qurbanovun müdafiə sənayesi naziri Mədət Quliyevin müşaviri təyin olunduğu bildirilib. Məlumatı onun vəkili Adəm Məmmədov yayıb.
Globalinfo.az xəbəri dəqiqləşdirmək üçün Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları Şöbəsinin müdiri Yaşar İsakovla əlaqə saxlayıb. Y.İsakov saytımıza açıqlamasında məlumatın doğru olmadığını, belə bir təyinatın həyata keçirilmədiyini bildirib.
Qeyd edək ki, Tariyel Qurbanov daha əvvəl Qaradağ və Hacıqabul rayonlarının prokuroru olub. Baş Prokurorluqda idarə rəisinin müavini kimi çalışıb. Son olaraq Abşeron rayon prokurorluğunda işləyib. Xatırladaq ki, onun 2023-cü il yanvarın 16-da öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Tariyel Qurbanov şəxsi həyatı ilə bağlı gündəmə gəlmişdi. Onu hamamda kisəçi işləyən bir neçə şəxs şantaj etmək istəmişdi. Keçmiş prokuror buna görə hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Sonradan bu şikayət əsasında məhkəmə prosesi keçirildi.
Xəbəri ilk olaraq heftelik.az saytı yayıb.
Ayşən Mustafa
Globalinfo.az














