Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Muxtar Bahadur oğlu Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.
Globalinfo.az M.Babayevin dosyesini təqdim edir:
Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.
O, orta məktəbi 1984-cü ildə Bakı şəhərində bitirib.
Sabiq nazir M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.
1986-1988-ci illərdə hərbi xidmətdə olub.
Muxtar Babayev 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.
1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.
2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
Sabiq nazir 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin IV və V çağırış deputatı seçilib.
7 dekabr 2010-cu ildə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü seçilib.
Bundan başqa, o, 2013-cü ildən “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.
2024-cü ilin yanvarın 7-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti təyin olunub.
19 sentyabr 2012-ci ildə “Tərəqqi” medalı, 7 noyabr 2017-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Prezidentin imzaladığı digər Sərəncamla M.Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.
Zaira Akifqızı
Globalinfo.az














