1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərinə artıq saylı günlər qalır. Bildiyimiz kimi, namizədlər onlara verilən müddət ərzində təbliğat-təşviqat kampaniyası aparırlar. Sirr deyil ki, bunun üçün müəyyən məbləğ tələb olunur.
Görəsən, müxalif partiyalar reklam üçün nə qədər vəsait ayırıblar?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiya sədri Tural Abbaslı deyib ki, bütün xərcləri namizədlər özləri sərf edirlər:
“Partiyanın şəxsi vəsati yoxdur və haradansa maliyyə almırıq. Ümumi bir məbləğ demək çətindir. Biz əsasən posterlərin hazırlanması üçün pul sərf edirik. Bütün ödənişləri isə namizədlər özləri edirlər. Amma seçki prosesinin çox xərc tələb etdiyini əminliklə deyə bilərəm”.
Ümid Partiyasının sədri İqbal Ağazadə namizədlərin fərdi qaydada pul xərclədiklərini bildirib:
“Partiyanın ümumi büdcəsi yoxdur. Ona görə də partiyamızdan olan 17 namizəd xərclərini özləri qarşılayırlar”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn burada nəyisə gizlətməyə gərək olmadığını deyib:
“Bizim vahid seçki fondumuz yoxdur. Qeydə alınmış namizədlər xüsusi fondlar açırlar və onlar qeydə alındıqları dairədə hesabat verirlər. Öz adımdan deyə bilərəm ki, bu günə qədər 599,09 manat pul xərcləmişəm. 200 manat isə digər təşviqat materialları üçün fonddan çıxarılıb”.
Respublikaçı Alternativ Partiyasının (ReAl) icraçı katibi Natiq Cəfərli hər şeyin şəffaf şəkildə olduğunu qeyd edib:
“Bizim partiya büdcədən hər namizəd üçün 1500 manat vəsait ayırıb. Əgər əlavə xərc tələb olunarsa, artıq namizəd özü bunu həll edəcək”.
Zaira Akifqızı
Globalinfo.az














