İşin içində iş var. Məsələ getdikcə mürəkkəbləşir. Həm də aydınlaşır. Kimin sülhdən, kimin konfliktdən yana olduğu çılpaqlığı ilə üzə çıxır. Hər kəs mövqeyini, niyyətini bəlli edir. Açıq oyun gedir. Bu da Azərbaycana çox lazımdır.
Xankəndidə “humanitar böhran” teatrı ciddi beynəlxalq böhrana səbəb olmaqdadır. Bütün bəhanələri kəsmək, arqumentləri neytrallaşdırmaq üçün Bakı ən sərfəli variant təklif edib. Qarabağdakı erməni əhaliyə ərzaq, dərman və digər vacib yüklərin daşınmasının Ağdam-Xankəndi yolu üzərindən həyata keçirilməsini deyir. Bu marşrutun üzərində ona görə israr edirik ki, söhbət Azərbaycanın ərazi bütövlüyünün tanınmasından gedir. Azərbaycan deyir, Xankəndiyə yük daşınacaqsa, mənim ərazimdən və nəzarətimdən keçməlidir.
Avqustun 29-da 40 ton un yüklənmiş maşın karvanı Xankəndiyə istiqamət götürüb. Ermənilər bu humanist addımı etiraz və aqressiya ilə qarşılayıb. “Biz ölərik, türkün çörəyini yemətik” sloqanları atırlar.
Hava atırlar, necə deyərlər. Bu, öyrədilmiş “sıravi” ermənilər vasitəsilə ictimai rəyin manipulyasiyasıdır. “Baxın, erməni əhali sizin yardımınızı qəbul etmir” – deyir separatçılar.
Bunun ardından Fransanın təşkil etdiyi, əslində isə arxasında erməni lobbisinin dayandığı TIR karvanının Qarabağa yola düşdüyünü gördük, eşitdik. Öncədən hazırlanmış ssenaridir. “Azərbaycanın yox, Fransanın çörəyini yeməyə hazırıq” mesajı verilir. Fransanın nəyini istəyirsiniz yeyin, özünüz bilərsiniz. Ağız sizin, dil sizin. Amma Azərbaycan özünün ərazisində heç bir xarici dövlətə istədiyi kimi qanunsuz hərəkət etməyə icazə verməyəcək!
Azərbaycan Qarabağa gələn Paris meri Anna Hidalqo və 10 yük avtomobilinin “Laçın” postundan keçməsinə icazə verməyib. Yazı hazırlanarkən bu haqda Ermənistan mediası məlumat yaydı. Bundan sonra Paris meri və Fransanın digər şəhərlərinin merləri Azərbaycanla sərhəddə mətbuat konfransı keçiriblər. Onlar təcili olaraq Azərbaycana qarşı addımlar atılmasını və Xankəndinin “blokadadan” çıxarılmasını tələb edirlər.
Fransadan Qarabağa gələn dəstə
Görürsünüz, fransızların əsas məqsədi erməni əhaliyə nəsə yedizdirmək deyil. Məqsəd Azərbaycanı beynəlxalq aləmdə hədəfə çıxarmaq, qınaq obyektinə çevirmək, ardından da müxtəlif təzyiqlərin tətbiq olunmasına nail olmaqdır. Həm də erməni lobbisindən aldıqları pulların “haqqını” ödəməlidirlər axı. Yoxsa, Parisin və digər Fransa şəhərlərinin merlərinin nə iti azıb buralarda?! Onların vecinə deyil ermənilər acdırlar, yoxsa toxdurlar. Onların dərdi Azərbaycanladır, Türkiyə ilədir, qurulmaqda olan türk birliyi ilədir. Təməli atılan yeni Turan Qərbdəki bəlli çevrələrin yuxusuna haram qatıb. Avropadakı, ABŞ-dakı erməni lobbisi, diasporası, daşnak mafiyası da bu işdə əlindən gələn pisliyi etməkdədir. O pislik isə öncə erməni xalqına edilir. Necə ki, 1988-ci ildə başlatdıqları işğalçılıq siyasəti ermənilərin də həyatını qaraldıb, inkişafdan qoyub, tarixdə, dünyada onların vəhşi, vandal obrazlarını yaradıb, bu gün də eyni proses gedir.
Azərbaycanın qalibiyyəti, dünya siyasətində önəmli yer alması, regionun lider dövləti olması, Cənubi Qafqazın lokomotivinə çevrilməsi “Böyük Ermənistan” və “Artsax” xəyallarını darmadağın etdi. Türkiyəni zəiflətmək, Azərbaycanı kiçiltmək üçün nəzərdə tutulmuş və üç əsrdir masada olan erməni kartı öz təsirini itirib. 44 günlük müharibədə qazanılan zəfər üç əsrlik hiyləni, məkri darmadağın edib. Ona görə ortalığı qarışdırmaq üçün əllərindən gələni edirlər.
Amma əllərindən gələn bundan ibarətdir. Üstümüzə TIR sürürlər. Qafqaz uğrunda savaşı uduzublar, toparlanıb, yenidən cəbhə alırlar. Azərbaycan isə cəbhədən cəbhəyə vuruşa-vuruşa irəliləyir. Ərazisini və əhəmiyyətini böyüdür. Tarixi torpaqlarını azad və bərpa edir.
İ.Əliyev və R.T.Ərdoğan Şuşa Bəyannaməsini imzalayırlar. Şuşa şəhəri, 15 iyun, 2021-ci il
Hədəf həm də Türkiyədir. Onun güclənməsi, Güney Qafqazda, hazırda onun əsas mərkəzi sayılan Qarabağda möhkəmlənməsi, Azərbaycanla birləşib Türk Dünyasını bir araya gətirməsi Fransanın və gizli-aşkar müttəfiqlərinin maraqlarına uyğun deyil. Fransa əsrlərdir Türkiyə ilə Aralıq dənizi uğrunda vuruşur. Paris cəbhəni böyüdüb, Qafqazlara gəlib. Onu peşman edib, gəldiyi yerə qaytaracağıq…
Müharibəyə TIR-lar gedir, tanklar hələlik savaş hazırlığındadır. Böyük güclərin Qafqaz savaşı nə ilə yekunlaşacaq? Cavab bəllidir. Azərbaycan onların nazı ilə çox oynamayacaq. Fransanın separatçılara dəstək verən qor-qoduğu qarışıq, hamısını iti qovan kimi qovacaq müqəddəs torpaqlarımızdan.
Az sonra Azərbaycan və Türkiyə bayraqları Xankəndidə qoşa dalğalanacaq. Bunu indidən görməmək, duymamaq mümükn deyil. Qərbdəki dairələrin hədəfi bunu maksimum ləngitməkdir. Əngəlləmək isə mümkün olmayacaq.
Azər Ayxan
Globalinfo.az














