“Rusiyadan tam asılı olanda məgər müharibə baş vermirdi?”
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Müharibə biz Rusiyadan tam asılı olanda baş verdi. Rusiya gəldi, bizdən Qarabağı aldı, onu Azərbaycana qaytardı, sonra qayıtdı. Bütün reallıq budur. Mən təsdiq edirəm ki, Rusiya Qarabağı tutub. Rusiyadan icazəsiz müharibə ola bilməzdi” – deyə o bildirib.
Qriqoryan həmçinin Ermənistanın xarici siyasətinin dəyişməsinin regiona stabillik gətirəcəyini bildirib:
“Məgər biz Rusiyadan tam asılı olanda müharibə olmurdu? Olurdu. Gəlin rəsmi olaraq bəyan edək ki, məhz bu situasiya ucbatından biz müharibə vəziyyətindəyik. Belə dəyişikliklərin köməyi ilə çalışdıq ki, stabillik gətirək və əminik ki, bu dəyişikliklər stabillik gətirəcək”.
Qeyd edək ki, Rusiya bundan öncə II Qarabağ Müharibəsində iştirak etmədiyini deyib. O, Ermənistanın Qarabağı Rusiyaya görə yox, Qərbə görə itirdiyini bəyan edib.
Bununla yanaşı həm Rusiya, həm də Ermənistan mediası II Qarabağ Müharibəsi zamanı Ermənistana Rusiyadan kifayət qədər silah daşınması faktları ilə doludur. Bu silahlar isə daha çox İran üzərindən Ermənistana gətirilib. Üstəlik, Azərbaycan da dəfələrlə bəyan edib ki, Azərbaycan Qarabağda qələbəsini Rusiyanın yox, məhz öz ordusunun hesabına təmin edib.
Bir faktı da xatırladaq ki, müharibə zamanı Azərbaycan ərazilərinə Rusiyanın Ermənistana ötürdüyü silahlarla hücum edilib.
Nəhayət, Azərbaycan öz ərazisində müharibə aparıb, işğaldakı torpaqlarını azad edib. Həm də heç bir qonşu ölkənin hərbi dəstəyi olmadan, sırf özünün Silahlı Qüvvələrinin iştirakı qələbə əldə edib. Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə ermənilərin oxşar ittihamlarına cavab verib. Deyib ki, müharibə Azərbaycanın ərazisində gedirdi. Ona görə də Rusiya KTMT üzvü olaraq Ermənistanı müdafiə edə bilməzdi.
Əliyar Xəlil
Globalinfo.az













