Misir Qarabağda bu prosesə başlayır: Qahirə-Bakı arasında yeni əməkdaşlıq formatı – VİDEO

Misir Qarabağda bu prosesə başlayır: Qahirə-Bakı arasında yeni əməkdaşlıq formatı - VİDEO

İyunun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfəri çərçivəsində Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək görüşü olub. İki ölkə arasında bir sıra sənədlər imzalanıb.

Yaxın Şərqdə gərginliyin artdığı, İsraillə Misir arasında hərbi toqquşmanın baş verdiyi, ümumiyyətlə, geopolitik vəziyyətin həssaslaşdığı vaxtda, İlham Əliyevin Qahirəyə səfəri diqqət çəkir.

Bir başqa diqqətçəkən məqam isə İlham Əliyevin Misirdə təntənəli şəkildə qarşılanmasıdır. Azərbaycan Prezidentinin şərəfinə Qahirədə xüsusi törən təşkil edilib. Bu, Azərbaycanın ərəb dünyasının aparıcı dövləti olan Misir üçün necə mühüm ölkə olduğunu göstərir. Üstəlik bu, Əbdülfəttah əs-Sisi ilə İlham Əliyevin münasibətlərinin necə yüksək səviyyədə qərarlaşdığının isbatıdır. Qarşılanma mərasimindən hazırlanmış video yazının aşağı hissəsində yerləşdirilib.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Zeynal Əmrəliyev deyib ki, Misir Yaxın Şərqin önəmli ölkəsidir:

“Azərbaycan və Misir arasında əlaqələrin gücləndirilməsi olduqca əhəmiyyətlidir. Paralel şəkildə Misirin Türkiyə ilə də əlaqələri güclənib. İsrail-Fələstin müharibəsi başlayandan sonra Misir-Türkiyə münasibətləri yüksək səviyyəyə çatıb. Bölgədə Misir-Türkiyə-Qətər formatı yaranmağa başlayıb. Azərbaycan öz torpaqlarını azad etdikdən sonra ölkəmizin geosiyasi maraqları region və dünya ölkələri üçün artıb. Rusiya və ABŞ-la əlaqələrimiz tarixi inkişaf səviyyəsindədir. ABŞ son zamanlar əlaqələri bərpa etmək üçün xüsusi səy göstərir. Son bir ayda ABŞ prezidenti Co Bayden Azərbaycana iki dəfə məktub göndərdi. Bu, müqayisə olunmaz hal idi. Amerika rəhbərliyi kənar dövlətlərə belə maraq göstərməyib”.

Misir Qarabağda bu prosesə başlayır: Qahirə-Bakı arasında yeni əməkdaşlıq formatı - VİDEO

8 iyun 2024-cü il. Əbdülfəttah əs-Sisi ilə İlham Əliyevi Misirdə qarşılayır

Politoloqun sözlərinə görə, mövcud vəziyyətdə Misirin Azərbaycana olan marağı ölkəmiz üçün sərfəlidir:

“Yaxın Şərqin aparıcı ölkəsi olan Misirlə geniş iqtisadi əlaqələr yaratmaq imkanı var. Misir həm Yaxın Şərqin, həm də ərəb dünyasının açar ölkəsidir. Prezident İlham Əliyevin səfəri də iki tərəfli münasibətlərin əhəmiyyətli inkişafı baxımından mühümdür. Səfər çərçivəsində yeni razılaşmalar əldə edilib. İki dövlət arasında yeni əməkdaşlıq formatı təşkil ediləcək. Misirin bundan sonra işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində iştirakı da istisna edilmir. Misir qədimdən tikinti və enerji sektoruna marağı olan ölkədir”.

Xatırladaq ki, Misir Prezidenti Əbdülfəttah Əs-Sisi 2023-cü ilin yanvar ayının sonlarında Azərbaycanda səfərdə olub. Onun Bakıya gəlişi təhlilçilər, politoloqlar tərəfindən müxtəlif aspektlərdən müzakirə olunub.

Təhlillərdə əsas iki xəttə diqqət çəkilirdi: iqtisadi və siyasi. Bildirilirdi ki, Misir “Ərəb baharı”nın ölkəyə vurduğu izləri aradan qaldıran nadir ərəb ölkəsidir. Ölkə əvvəlki gücünü yenidən toplamaq üçün yeni bazarlar, investisiyalar və gəlirli layihələrin arayışındadır.

Azərbaycan Misir üçün həm də siyasi baxımdan cəlbedici ölkədir. Cənubi Qafqazda parlayan ölkə kimi Azərbaycanla indidən sağlam təməllər qurmaq rəsmi Qahirə üçün önəmlidir.

Safura Bənnayeva
Globalinfo.az