Misir Mərdanov onları xilas etməyin yolunu açıqladı

Son zamanlar buraxılış imtahanlarında kifayət qədər bal toplaya bilməyən abituriyentlər arasında intihar halları artıb. İctimaiyyət Misir Mərdanovun təhsil naziri olduğu illərdə yeniyetmələr arasında intiharın nadir hallarda baş verdiyini qeyd edir.

Mövzunu Globalinfo.az-a şərh edən sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov intiharlara görə təəssüf hissi keçirdiyini bildirib.

O deyib ki, gənclər arasında belə halların artması mənfi hal kimi qiymətləndirilməlidir:

“Düşünürəm, belə halların səbəbi fərdi olaraq araşdırılmalıdır. Artıq o araşdırılmalardan sonra müvafiq qurumlar özləri üçün ümumi nəticə çıxarmalıdır ki, biz hansı yolla və necə getsək intihar hallarının qarşısı alına bilər. Təəssüf ki, dediyim araşdırmalar aparılmır. Dünən sosial şəbəkələrdən oxudum ki, abituriyent imtahanda topladığı baldan narazı qaldığı üçün özünə qəsd edib. Mənə elə gəlir ki, qəbul imtahanlarının suallarını tərtib edən insanlar hökmən bu barədə düşünməlidirlər. Əsas o şəxslər nəticə çıxarmalıdırlar ki, qəbul imtahanlarına salınan suallar nə dərəcədə məqsədə uyğundur. Bu məsələ diqqət mərkəzində olmalıdır. Məsələni mütləq ictimai müzakirəyə çıxarmaq lazımdır ki, görək, o sualları hazırlayanlar kimlərdir”.

M.Mərdanov bəzi adamların sualların yanlış yazıldığını iddia etdiyini qeyd edib:

“Sual necə səhv ola bilər?! Ona görə də ən əsas məsələ o suallar üzərində düşünmək və həmin sualları müəyyən qədər məktəb proqramlarına, daha dəqiq desək, orta səviyyəli şagirdin gücünə uyğun hazırlamaq yaxşı olar. Düşünün, kənd və rayon yerlərindən bir şagird gəlir tamamilə başqa şəraitdə imtahan verir. Bu isə onun psixologiyasına pis təsir edir. Hər uşaq buna dözə bilmir axı. Eyni zamanda o da nəzərə alınmalıdır ki, uşaqlarımız il ərzində həm məktəbdə, həm də repetitorlar təfindən çox yüklənirlər. Səbəblərdən biri də onların həddindən artıq yüklənmələridir. Bir uşaq gün ərzində neçə müəllim yanına gedə bilər?! Məqsəd də odur ki, hökmən uşaq ali məktəbə və filan ixtisasa qəbul olmalıdır. Bununla bağlı geniş ictimai müzakirələr keçirilməlidir. Orta məktəbi bitirən hər kəs ali məktəbə qəbul olmalıdırmı?”

Sabiq nazir deyib ki, əgər uşaq oxumaq gücündə deyilsə, onu məcbur etmək olmaz:

“Bu adam oxumaq istəmirsə, niyə oxumalıdır axı? O qədər peşə məktəbləri, kolleclər və başqa müəssisələr var. Hər kəs ali məktəbə qəbul olmalıdır deyə bir qanun yoxdur! Ona görə də burada geniş müzakirəyə ehtiyac var. Hamımız intihar hallarına qarşı mübarizə aparmalıyıq. Qaba əgər çox su doldursan, o mütləq daşacaq. Şəxsən mənim nəvələrim imtahandan sonra xəstələndilər. Bunun da səbəbi imtahan zamanı keçirdikləri stress, həddindən artıq yüklənmələrdir”.

Zaira Akifqızı
Globalinfo.az