Mirziyoyevin Bakı səfərinin şifrələri – Nələr yaşanır?

Mirziyoyevin Bakı səfərinin şifrələri - Nələr yaşanır?

Xəbər verdiyimiz kimi, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanda rəsmi səfərdədir. Bildirilir ki, qardaş ölkə başçısının gəlişi həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyır. Ümumiyyətlə, son illərdə Bakı ilə Daşkənd arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlir. 

Bu yaxınlaşma beynəlxalq arenada hər iki dövlətə nə vəd edir? Mirziyoyevin Bakı səfəri hansı istiqamətləri əhatə edir?

Globalinfo.az-a danışan deputat Azər Badamov deyib ki, Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı müntəzəm səfərləri ölkələrarası münasibətlərin inkişafında yeni bir mərhələ açıb:

“Son 8 ildə iki ölkə arasında ticarət dövriyyəsi 8 dəfə artaraq 2024-cü ildə 255 milyon dollar təşkil edib. 2030-cu ildə isə bu göstəricinin 1 milyard dollara çatdırılması hədəflənib. 2023-cü ildə rəsmi Bakı ilə Daşkənd arasında imzalanan Strateji Tərəfdaşlıq və Mütəfiqlik haqqında Bəyannamə münasibətlərin hərtərəfli inkişafına yol açıb. Özbəkistan işğaldan azad olunan ərazilərdə öz hesabına Mirzə Uluqbəy adına tam orta məktəbi tikərək, füzulilərə hədiyyə etməklə bir ilkə imza atdı. Xankəndidə isə birgə tekstil istehsalı müəssisəsi açılıb və burada 200-dən çox insan çalışır”.

Mirziyoyevin Bakı səfərinin şifrələri - Nələr yaşanır?

Azər Badamov

Millət vəkili qeyd edib ki, Şavkat Mirziyoyevin səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb:

“Həmçinin Bakıda Özbəkistan səfirliyinin yeni inzibati binasının açılışı olub və paytaxtımızın mərkəzində 5 hektar ərazidə salınacaq “Özbəkistan” parkının təməli qoyulub. Hesab edirəm ki, bu məkan iki ölkənin dostluq mərkəzi olacaq. Digər tərəfdən, Mirziyoyev Xankəndidə İƏT-in XVII Zirvə Toplantısına qatılacaq. Sözügedən təşkilat isə üzv olan dövlətlərin iqtisadi, humanitar və siyasi əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır. Bu gün dünya nizamı çox narahat dönəmini yaşayır. Belə vaxtda İƏT-ə daxil olan ölkələr məhz Xankəndidə görüşəcək və qlobal gündəlik üçün çox əhəmiyyətli mesajlar verəcəklər”.

Ləman Hüseynzadə
Globalinfo.az