Salatın Əsgərovanın doğum günüdür – FOTOLAR

Salatın Əsgərovanın doğum günüdür - FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri olmuş Salatın Əsgərovanın doğum günüdür.

Globalinfo.az bildirir ki, Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O, 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib.

Salatın Əsgərovanın doğum günüdür - FOTOLAR

Elə həmin il müqavilə ilə “Bakı” qəzetində, dörd il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb. Salatın Əsgərovanın toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı olub. Salatın tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı.

Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “Omonçular” olub.

1991-ci il yanvarın 9-da içində Salatın Əsgərovanın da olduğu maşın erməni terrorçular tərəfindən Qaladərəsi kəndi yaxınlığında mühasirəyə düşüb. Maşın yaxın məsafədən şiddətli atəşə tutulub, Salatın Əsgərova amansızca qətlə yetirilib.

Salatın Əsgərovanın doğum günüdür - FOTOLAR

Salatın Əsgərova Bakı şəhərində, Şəhidlər xiyabanında dəfn edilib. 6 noyabr 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qeyd edək ki, o, Azərbaycanın ilk şəhid qadın jurnalistidir.

Salatın Əsgərovanın yeganə övladı Ceyhun Əsgərov da jurnalistdir.