Bu gün səhər saatlarında “Həzi Aslanov” metrostansiyasından “Dərnəgül” istiqamətində hərəkət edən yeni nəsil qatarda kondisionerin çalışmaması sərnişinlərdə narazılıq və narahatlığa səbəb olub.
Mövzunu Globalinfo.az-a şərh edən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, “Bakı Metropoliteni”nin hazırda sərnişindaşıma prosesinə cəlb olunan 61 qatarı var.
Onun sözlərinə görə, 61 qatardan 23-ü yeni nəsildir:
“Yeni nəsil qatarlar yalnız “Yaşıl” və “Qırmızı” xətlərdə hərəkət edir. Onlardan 3-ü “Qırmızı xətt” üzrə, 20-si isə “Dərnəgül”-“Həzi Aslanov” istiqamətində xidmət göstərir. “Bakı Metropoliteni”nin normativ tələblərinə uyğun olaraq hər bir qatar 12-20 saat xəttə olur. Daha sonra isə onlar Nərimanov elektrik deposuna texniki baxış üçün göndərilir. Bu proses zamanı təbii ki, kondisioner sisteminin normativlərə uyğun olaraq yoxlanılması, zəruri hissələrin dəyişdirilməsi, təmiri və digər məsələlər həll olunur. Bakıda yay dövrünün özünəməxsus hava şəraiti var və buna uyğun olaraq bilirik ki, yayda yeni nəsil qatarlarda kondisioner sisteminə tələbat artır. Bu səbəbdən də artıq onların işləmə prinsipi ənənəvi qış-payız dövründəki kimi olmur. Buna uyğun olaraq da “Bakı Metropoliten”də hər yay fəsli kondisionerlərin işləməsi ilə bağlı intensiv monitorinqlər aparılır”.
Bəxtiyar Məmmədov
B.Məmmədovun sözlərinə görə, monitorinqlərə yeni nəsil qatarda kondisionerlə bağlı təkcə nasazlıq deyil, nöqsan, qüsur, sərnişinlərin rahat hərəkətinə mane olan istənilən bir problem daxildir:
“Hər hansı bir problem aşkarlandıqda qatar dərhal elektrik deposuna müvafiq müayinə və baxış üçün göndərilir. “Bakı Metropoliteni”ndə böyük problemlərdən biri də “Qırmızı” və “Yaşıl” xəttin cəmi bir deposunun olmasıdır. Kondisioner sisteminə baxışın keçirilməsi isə yalnız depo şəraitində mümkündür. Çünki onun ban hissəsi və sərnişin salonunun daxilində müxtəlif parametrlər daxil olan hissələr yerləşdirilir. Bu səbəbdən də hər bir qatar yalnız elektrik deposuna çıxarılmalıdır. Sərnişinlərdən şikayətlər, müraciətlər daxil olarsa, həmin sahədə monitorinq aparılmış olsa belə, dərhal təkrar baxış təyin olunur və qatar yoxlanılır. Qatar xəttə olan zaman təbii ki, müdaxilə mümkün deyil. Sistemlər avtomatik qoşulu olur və hər bir fəslin tələbinə uyğun olaraq tənzimlənir. Stansiyalarda qapıların açılıb-bağlanması, sərnişin sayı və digər məsələlərin hər biri kondisioner sisteminin iş rejimində də öz əksini tapır”.
Bəxtiyar Məmmədov pandemiya dövründə ölkəyə daha çox yeni nəsil qatarların gətirildiyini bildirib:
“Qarşıdakı dövrdə müsbət cəhətlərdən biri də o olacaq ki, “Bakı Metropoliteni” bağlanmış yeni müqaviləyə əsasən, bu il ərzində daha 35 vaqon və ya 7 qatar əldə edəcək. Növbəti iki il ərzində isə daha 30 vaqon, 6 qatarın gətirilməsi nəzərdə tutulub. Yeni nəsil qatarların sayı artdıqca, qeyd etdiyiniz problemlər azalacaq. Səbəb də odur ki, qatar sayı artdıqca insanlar digər qatarlardan istifadə edəcəklər. Artıq burada bərabər bölgüdən tutmuş, həmin qatarlara texniki baxışa qədər nəzarətdə saxlanması planlaşdırılmış qaydada rahat həyata keçiriləcək. Bundan əlavə, bu gün 23 yeni nəsil qatar varsa, 30 qatarın olması sərnişinlərə daha çox rahatlıq gətirəcək”.
Zaira Akifqızı
Globalinfo.az














