Metroda “BakıKart” terminalları cərəyan keçirir? – AÇIQLAMA

Bakı Metropoliteninin “Qara Qarayev” stansiyasında “BakıKart”ın balansını artıran sərnişinləri elektrik cərəyanı vurub.

Globalinfo.az xəbər verir ki. bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Paylaşımda qeyd edilib ki, “Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasında yerləşən “BakıKart” ödəniş terminallarının qəpik qəbulu hissəsindən elektrik cərəyanı sızır:

“Bilmədən qəpiyi yaxınlaşdırdım, elektrik cərəyanı vurdu, əlimin keyiməsi yarım saata keçdi. Metropolitenin keçid məntəqəsi hissəsində nəzarətçi xanıma bütün terminallarda elektrik cərəyanı sızması olduğunu bildirdim. Səhər saatlarından belə olduğunu, bir neçə dəfə “BakıKart”a bu barədə məlumat verdiyini, lakin heç bir tədbir görmədiklərini bildirdi.

Xatırladım ki, bu ödəniş terminalları 220V elektrik cərəyanı ilə fəaliyyət göstərir, ehtiyatlı olun. Aidiyyəti qurum və şəxslər də yəqin ki, hansısa qəza halı baş verdikdən sonra tədbir görəcəklər”.

Metronun “Qara Qarayev” stansiyasında vətəndaşın “BakıKart” terminalının cərəyan keçirməsi ilə bağlı şikayəti araşdırılıb. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-a bildirib ki, aidiyyəti üzrə vətəndaşın stansiya əməkdaşlarına bu barədə məlumat verdiyi təsdiqini tapıb:

“Stansiyaya “BakıKart” MMC-nin nümayəndələri dəvət edilib. Qurum nümayəndələri ilə “Bakı Metropoliteni” QSC-nin müvafiq şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə sözügedən terminala baxış keçirilib. Heç bir problem aşkarlanmayıb. Lakin bütün hallarda həmin “BakıKart” terminalı nəzarətə götürülüb”.