Metro iflic durumda: Zaur Hüseynovun “yeraltı dünyası” vətəndaşı sıxlıqda “udur” – Səbəb

Metro iflic durumda: Zaur Hüseynovun “yeraltı dünyası” vətəndaşı sıxlıqda “udur” - Səbəb

Günün pik saatlarında Bakıda metroya stansiyalarına yaxınlaşmaq mümkün deyil. Stansiyaya endikdən sonra növbəti problem başlayır: sıxlıq o qədər çox olur, sərnişinlər qatara minməkdə çətinlik çəkir. Bir neçə qatarı buraxdıqdan sonra güc-bəla ayağını qatarın salınuna ata bilirsən.

Məsələn, oktyabr ayının 20-də qatarlar stansiyaya 15 dəqiqə gecikmə ilə daxil olublar. Nəticədə platformaya həddən çox sərnişin yığılıb ki, bu da ciddi narazılıqlara səbəb olub. Maraqlıdır, metrostansiyalardaki sıxlıq nə zaman aradan qaldırılacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, ən çox sərnişin daşınan dövr 2019-cu il olub.

Metro iflic durumda: Zaur Hüseynovun “yeraltı dünyası” vətəndaşı sıxlıqda “udur” - Səbəb

Bəxtiyar Məmmədov

O bildirib ki, bu gün sərnişin sayı əvvəlki dövrdən 7-8 faizə yaxın daha azdır:

“Təbii ki, sərnişin sıxlığı var və biz bunu gizlətmirik. Səhər saat 7:00-dan sonra başlayan sıxlıq təqribən 10:00-a qədər davam edir. Günorta saatlarında 1 və 2-ci dərs növbəsi başlayanda “Elmlər Akademiyası” və “28 May” metrostansiyası ilə yanaşı artıq “Gənclik” və “Nərimanov” stansiyaları da yüklənir. Sözsüz ki, bu yüklənmiş vəziyyət gün başa çatana qədər davam edir. Əfsus ki, bu gün metropolitenin reallığı budur. Amma bunun qarşısını almaq üçün maksimum dərəcədə tədbirlər görülür. Qatarların hərəkəti “28 May”-“Həzi Aslanov” istiqamətində mümkün olan ən minimal intervalla hərəkət edir. Texniki cəhətdən bundan aşağı interval tətbiq etmək mümkün deyil. Bunun üçün çoxsaylı şərtlər var ki, onlara əməl olunmalıdır. Onun da təməlində gələn əsas vəzifə xətlərin ayrılması layihəsidir. Yəni yaşıl və qırmızı xətt bir-birindən ayrılmalıdır ki, hər xətt üzrə həm müstəqil hərəkət təşkil olunsun, həm yeni stansiyaların yaranması ilə bu stansiyalarda olan sərnişin sıxlığının müəyyən qismi paylansın, və intervalların dəyişdirilməsinə nail olunsun”.

B.Məmmədov deyib ki, metro şəhərimizin əsas inkişaf istiqamətlərinə uyğun olaraq inkişaf etməlidir:

“Artıq xeyli vaxtdır Bakı şəhərinin baş planı üzərində işlər görülür. Onu deyə bilərəm ki, budəfəki baş planda nəqliyyat məsələlərinə xüsusi yer ayrılıb. O cümlədən Bakı metropoliteni və onun xətlərinin ayrılması da orada ən prioritet vəzifə kimi nəzərdə tutulub”.

Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, Bakı metrosu heç vaxt özünü inkişaf etdirə bilməyib:

Metro iflic durumda: Zaur Hüseynovun “yeraltı dünyası” vətəndaşı sıxlıqda “udur” - Səbəb

Elməddin Muradlı

“Bakı metrosu tısbağa yerişi ilə inkişaf edir. Belə halda da inkişaf edə bilmir. Tağı Əhmədov bir gecədə aparıb 3 milyonu Akif Çovdarova pay verəndə əlbəttə, metro inkişaf etməyəcək. Ona görə də, bu gün metronun inkişafından danışanda adamı ağlamaq tutur.

Bakı metrosu hazırda 27-28 stansiyadan ibarətdir, heç 30-a da çatmır. Bakı kimi şəhərlərdə ən az 60-70 stansiya olmalıdır. Həmin stansiyalar strateji planlamaya görə indiyə qədər tikilməli idi, tikilmədi. Niyə? Artıq burada məşhur əhvalatdakı söhbət çıxır ortaya: “Körpü olmalı idi, amma yoxdur”. Niyə yoxdur? Çünki kiməsə pul lazım idi. Yedilər, dağıtdılar, məhv etdilər və inkişaf getmədi. İndi bu gün baxırıq ki, bəli, metroda inkişafa ciddi ehtiyac var”.

E.Muradlı deyib ki, stansiyaların sayı artmalıdır, artmır, vaxtında da artıra bilməyiblər, onun əvəzində böyük binalar tikilib, şəhərciklər salınıb:

“Hansı ki, həmin yerdən də metro stansiyası keçməlidir. İndi baxırlar, hesablayırlar infrastrukturu, düz gəlmir. Niyə? Çünki orada bina tikmək olmazdı, amma Metropoliten, Fövqəladə Hallar Nazirliyi, Arxitektura Komitəsi göz yumub ki, olar. İndi durub Bakı şəhərində baş plan tərtib edirlər. Bakı şəhəri ölüb, oturub ağlayanı yoxdur. Bunun təzədən baş planını neynirsən?! Elə bil “ölmüş adamın başını hansı tərəfə qoyaq” sualı çıxır ortalığa. Ölüb də daha bu, yoxdur. Başını sağa qoydun, sola qoydun heç bir əhəmiyyət kəsb etmir. Metromuz da bu vəziyyətdədir. Yəni, ölmüş bir strukturdur. İnkişafı ilə bağlı da, sadəcə, sözdə yaxşı şeylər danışırlar”.

Ekspert bildirib ki, bir balaca insan axını olan kimi, sıxlıq yaranır, intervalı tənzimləyə bilmirlər, stansiyaların sayı arta bilmir:

“20 il bundan öncə 20-ci sahədə metro stansiyasının tikintisi nəzərdə tutulub. Amma yoxdur. Niyə? Çünki Tağı Əhmədova pul lazım idi. İndiki rəhbərliyin də strategiyası düzgün deyil. Sözdən ibarət açıqlamalar, fikirlər, təşəbbüslər heç kimə lazım deyil. Əməl lazımdır. Əməldə isə inkişaf getməlidir və strategiya olmalıdır. Bu strategiyanı da qoruyub, saxlamağı bacarmalıdırlar”.

Zaira Akifqızı
Globalinfo.az