“Məsələ çox qəliz və dərindir” – Politoloqdan FETÖ əməliyyatı açıqlaması

 

“Məsələ çox qəliz və dərindir” – Politoloqdan FETÖ əməliyyatı açıqlaması

Azərbaycanda FETÖ-yə qarşı keçirilən son əməliyyat cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Məlum əməliyyatları dəstəkləyən insanlarla yanaşı, Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun həbs edilməsini birmənalı qarşılamayanlar da var.

Maraqlıdır, bəziləri tərəfindən Qubad İbadoğlu ilə bağlı Türkiyədən göndərilən məlumatın mötəbərliyi niyə şübhə altına alınır?

Türkiyədən gələn kəşfiyyat məlumatları, PUA-lar, hərbçilər, siyasi-diplomatik dəstək mötəbər olur, amma kimlərinsə FETÖ üzvü olmaları haqda məlumat yalan olur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan və Türkiyə bir çox sahədə olduğu kimi terrorla mübarizə sahəsində də əməkdaşlıq edir:

“Bildiyiniz kimi, FETÖ də bir terror təşkilatıdır və daha çox xarici kəşfiyyat orqanlarına bağlıdır. Bu şəbəkə Türkiyə və Azərbaycan başda olmaqla, əksər türk-müsəlman ölkələrində 2010-cu ilə qədər geniş şəkildə yayılmış, hətta təsir gücü belə toplamışdı.

Bu təşkilat əsasən tələbələri, şagirdləri tərəfinə çəkməyi hədəfləyib. FETÖ gənclərin təhsil haqqını ödəyərək daha sonra öz maraqları naminə onlardan istifadə edirdi. Hətta deyərdim, bir nəsil bu terror təşkilatının təsirində yetişdi.

“Məsələ çox qəliz və dərindir” – Politoloqdan FETÖ əməliyyatı açıqlaması

Qabil Hüseynli

Sevindirici haldır ki, bu gün FETÖ-ya qarşı mübarizə həm Türkiyə, həm də Azərbaycanda geniş vüsət alıb. Ola bilər ki, bəzi insanlar bu əməliyyatların mahiyyətini tam başa düşməsin, ancaq məsələ çox qəliz və dərindir.

Türkiyə və Azərbaycan kəşfiyyatı, hüquq-mühafizə orqanları koordinasiyalı şəkildə illərdir bu təşkilata qarşı mübarizə aparır.  O ki qaldı Qubad İbadoğlunun həbsinə, prosesin sonunu gözləməyi məsləhət görürəm. Hər halda Türkiyədən gələn kəşfiyyat məlumatlarına, qardaş ölkənin PUA-ları, hərbçiləri, dövlət adamları qədər etibar etmək lazımdır”.

Turan Rzayev
Globalinfo.az