
Azərbaycanın Çin və İranla münasibətlərini genişləndirməsi Moskvanın xeyrinədir, Qərbə ziyan vurur.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, Mehri dəhlizi layihəsinin müəllifi Pol Qobl Ceymstaun Fondunun saytındakı məqaləsində yazıb.
Onun sözlərinə görə, Bakının Çin və İranla yaxınlaşması Azərbaycanın əhəmiyyətini artırmaqla bərabər, regionda güc balansını dəyişəcək.
Qobl yazır ki, Bakının antiqərb ölkələrlə daha sıx alyans yaratması Qafqazda və onun hüdudlarından kənarda Rusiyanı gücləndirir, Qərbin mövqeyini zəiflədir.
“Çin və İranla əlaqələri gücləndirən Bakı Cənubi Qafqazda güc balansını dəyişir, Qərbin mövqeyini zəiflədir, potensial olaraq Moskvaya öz nüfuzunu təsdiqlətmək imkanı açır”.
O iddia edir ki, Çinin Bakı ilə əlaqəsini gücləndirməkdə məqsədi təkcə Qərb yox, həm də Türkiyənin Qafqaz güclənməsinə mane olmaqdır. Bununla belə, Qobl Azərbaycanın Qərbin Ermənistana dəstəyindən narazılığını bildirmək üçün Çinlə əlaqələrini vurğulamaqda maraqlı olduğunu bildirib. Yəni ekspertə görə, Bakı göstərmək istəyir ki, Azərbaycanın çoxlarının düşündüyündən daha çox manevr imkanı var.
Qeyd edək ki, P.Qobl 90-cı illərin sonunda Azərbaycan və Ermənistana ərazi mübadiləsi ilə bağlı edilən təklifin müəllifi kimi tanınır. Buna görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin qarşılığında Ermənistan Azərbaycana Mehri və digər əraziləri verməli idi. Eləcə də Mehridən Qərbə gedəcək geniş yol yaradılmalıydı. Lakin sonrada bu təklif gerçəkləşmədi.
Əliyar Xəlil
Globalinfo.az